Anar Bağırov: "Biz gənc hüquqşünaslarda vəkillik peşəsinə maraq oyatmaq istəyirik"


  • 22 İyul 2022 14:06

"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsi məqsədilə keçiriləcək "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbinə böyük maraq var. Biz gənclərin bu qədər həvəs göstərəcəyini düşünməmişdik. Maksimum 50-100 nəfərin müraciət edəcəyini düşündüyümüz halda, 300-dək gənc hüquqşünasın bu layihədə iştirak etmək arzusunda olduğunun şahidi olduq və bu, bizi çox sevindirdi".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Yay Məktəbinin açılış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanda ilk dəfə təşkil olunan layihənin davamlı olması nəzərdə tutulur: "Yay məktəbinin çox maraqlı proqramı var. Burada təlimçilərimiz peşəkar vəkillərdən, tanınmış hüquq ekspertlərindən ibarətdir. Hesab edirəm ki, bu, örnək bir layihə olacaq və biz növbəti illərdə də layihəyə davam edəcəyik. Ölkəmizdə fəaliyyət göstərən digər hüquq təsisatlarını da bu təşəbbüsə qoşulmağa dəvət edirəm. Fikrimcə, gənc hüquqşünas tələbələrlə nə qədər çox iş aparılsa, ölkəmiz üçün də bir o qədər faydalı olar. Biz həm də maraqlıyıq ki, bu gənc hüquqşünaslar gələcəkdə vəkillik peşəsini seçsinlər. Ona görə də onlarda vəkilliyə maraq oyatmaq istəyirik".

Qey edək ki, Yay Məktəbi 15 iyul-15 avqust tarixlərində keçiriləcək. 12 yerli və beynəlxalq universitetdən 300-ə yaxın hüquqşünas tələbənin qatılacağı Yay Məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər təşkil ediləcək.

Yay Məktəbini uğurla bitirən hüquqşünas tələbələrə sertifikatlar təqdim olunacaq, o cümlədən fərqlənmə ilə bitirən 30 nəfər tələbə isə bölgələrdə keçiriləcək yay düşərgəsində iştirak edəcəklər.

Xəyalə Bünyatova

Oxşar xəbərlər