"BDU hüquqşünas kadrların hazırlanmasında ən mühüm ali təhsil ocaqlarından biridir"


  • 22 İyul 2022 15:14

"Tədrisin qeyri-formal şəraitdə davamı çox vacib elementlərdən biridir. Şərait müxtəlif olduqda bilik və bacarıqların mənimsənilməsi daha yaxşı olur. Ona görə də düşünürəm ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənc hüquqşünas tələbələr üçün təşkil olunan "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbi çox faydalı olacaq".

E-huquq.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Yay Məktəbinin açılış mərasimdə çıxış edərkən deyib.

O bildirib ki, BDU hüquqşünas kadrların hazırlanmasında ən mühüm ali təhsil ocaqlarından biridir: "Hüquq fakültəsində çox mühüm işlər görülür. Biz zamanın tələbinə uyğun olaraq yeni ixtisaslar gətirməyə çalışırıq. Artıq BDU-da ilk dəfə olaraq əqli mülkiyyət hüququ sahəsində ilk kadrlarının buraxılışını etdik. Biz bu sahədə Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində kadrlar hazırlayırıq. Həmçinin artıq vergi hüququ sahəsində ilk dəfə olaraq kadr hazırlığına başlayırıq. Kadr hazırlığı ilə bağlı hüquq fakültəsində bundan sonra da görüləcək mühüm işlər çoxdur".

Rektor bu sahədə müxtəlif qurumlarla birgə əməkdaşlığa hər zaman hazır olduqlarını deyib.

Qey edək ki, Yay Məktəbi 15 iyul-15 avqust tarixlərində keçiriləcək. 12 yerli və beynəlxalq universitetdən 300-ə yaxın hüquqşünas tələbənin qatılacağı Yay Məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər təşkil ediləcək.

Yay Məktəbini uğurla bitirən hüquqşünas tələbələrə sertifikatlar təqdim olunacaq, o cümlədən fərqlənmə ilə bitirən 30 nəfər tələbə isə bölgələrdə keçiriləcək yay düşərgəsində iştirak edəcəklər.

Xəyalə Bünyatova

Oxşar xəbərlər