Qanun və Tanrı - Paşa Səfərov yazır...


  • 25 İyul 2022 17:57

“Qanundan və hüquqdan kənarda yaşayan adam, dünyanın ən bədbəxtidir”. (Aristotel)

“Biz yazılı qanunun yox, ruhun xidmətindəyik. Çünki yazılı qanunlar toplusu ölümə məhkum edir, ruh isə həyat verir”. (İncil, Korinflilərə, 3:6)

Adət-ənənə

Qanunun mövcudluğu bəşəriyyətdə insanın mövcudluğuna bağlıdır. İnsan mövcud olduqdan sonra ona zəruri olan digər yaradılışlar kimi qanunun yaradılmasında da maraqlı olmuşdur. Lakin bu maraq heç də asan başa gəlməmiş, yaxud ani olaraq hansısa bir hərəkətdən meydana çıxmamışdır. Bunun üçün tarixi müəyyən olunmayan, hətta ilk insanın yaradışından adət və ənənə formalaşmağa başlamışdır.

Hər bir insan, daha sonra toplu, cəmiyyət müəyyən mənada insan maraqlarına xidmət edən adət və ənənələr yaratmağa çalışmışlar. Nəticədə insanları müəyyən mənada mühafizə xarakteri daşıyan və təsir gücü yalnız mənəviyyata əsaslanan qaydalar meydana gəlməyə başlamışdır. Məsələn, hələ ibtidai icma quruluşunda mövcud olan icmalar arasında belə bir yazılmayan qanun var idi. Əgər ailənin başçısı ov zamanı və yaxud hər hansı bir fövqəladə vəziyyətdə həlak olurdusa o zaman onun ov silahı və daşıdığı statusu müəyyən edən əşyası onun ailəsinə çatırdı. Ailə dedikdə, ilk öncə onun böyük oğlu, kiçik oğlu, oğlu olmadığı yaxud kiçik olduğu zaman onun həyat yoldaşı başa düşülürdü. Əgər onun ailəsi yox idisə bu zaman onun ov silahı və daşıdığı statusu müəyyən edən əşyası icmanın başçısına təhvil verilirdi. Eyni zamanda həlak olan şəxsin oğlunun yaxud həyat yoldaşının döyüşməyə və ya ov etməyə cəsarəti yox idisə yenə də əşya icmanın başçısına çatırdı. İcmanın başçısı isə öz növbəsində həmin əşyanın taleyini həll edərək, onu icmanın istədiyi üzvünə təqdim edirdi.

Təbii ki, bu gün insanın adət və ənənə yaratmaqda məqsədinin araşdırılması müxtəlif istiqamətlərdən müzakirə mövzusu olsa da, əksər istiqamətlər məhz insanın əldə etdiyinin mühafizəsi kimi qiymətləndirilir. Lakin məqsədinin hansı xarakter daşımasına baxmayaraq adət və ənənələr bütün qanunların meydana gəlməsi üçün başlıca əsas olmuşdur. Həmçinin, adət və ənənələrə, eyni zamanda əxlaqa arxalanaraq tətbiq edilən bu yazılmayan qanunun zaman-zaman tətbiqi nəticəsində müasir hüquq sahəsinin müəyyən institutları meydana gəlmişdir.

Qanunlar

Hər hansı bir yazılı mənbə statusu daşımayan adət və ənənələr mövcudluğunu və təsir gücünü artırmaq üçün yazılı formada mövcud olmağa məcbur idi. Beləcə, insanlar bu halı diqqətdən kənar saxlamayaraq mövcud adət və ənənələri yazılı formada qanun adı altında təqdim etmək niyyətinə düşdülər və bunu etdilər. Lakin bir və ya bir neçə insan adı altında öz mövcudluğunu qoruyub saxlamaq qanunlara heç də asan başa gələ bilməzdi, mütləq çoxlu insan faktoru olmalı və qanun adlı yazını müzakirə etməli, öz həyatlarına daxil edərək, onun şərtlərinə uyğun yaşam qurmalı idilər.
İnsan əhatəsində yaşayan insanların artımını görüncə yaratdığı qanunun onları əhatə etməsində mövcud çətinliklərlə qarşılaşdı və qanunun onlara aid olması üçün başqa bir çıxış yolu düşündü. Beləcə, qanunları insan deyil, insanlar toplumunu idarə edən şəxsin adına bağladılar, bu qanunun geniş əhatə dairəsinə səbəb olacaqdı.

Bir müddətdən sonra insanlar yaratdıqları müxtəlif toplumları daha geniş əhatəyə malik olması üçün birləşdilər və dövlət gücünə malik toplumlar yaradıldı. Belə olan halda mövcud qanunlar da insanlar tərəfindən deyil həmin toplum idarəçiləri adından qəbul edilməyə başlandı. Lakin toplum idarəçisi qəbul etdiyi qanunun daha da güclü olması üçün insanlara qanunun gücü ilə yanaşı insanlar arasında qanundan daha çox təsir gücünə malik olan Tanrı qorxusu da əlavə etmək niyyətinə düşdülər.

Tanrı qorxusu insanları nəzarətdə saxlanması üçün zamanında xüsusi bir əhəmiyyətə malik idi, çünki insan şüuru hələ geniş imkanlarından istifadə etməmişdi və bu səbəbdən də onun qorxu məfhumu kimi bir çəkinməsi olmalı idi. Bu qorxu eyni zamanda düşünülməmiş bir mükafatla əvəz olunmalıydı. Bu mükafat qorxunun təsiri dairəsindən kənara çıxmamağın mükafatı idi ki, insanların həmişə maraq dairəsində olmuşdur. Beləcə yeni qanunlar yaradıldı, Hammurapi qanunları kimi. Hammurapi qanunları birbaşa Tanrının adı ilə bağlanaraq Tanrı tərəfindən qoyulmuş qanunların insanlara çatdırılması xarakteri daşıyırdı. Bu qanunlarda insanlar onların nəinki əmlakı ilə bağlı, eyni zamanda müxtəlif mühafizə tədbirlərinin mövcudluğu ilə bağlı müəddəaları qəbul etmək zorunda qaldılar, baxmayaraq ki, bu müddəaların əksəriyyəti elə insanların mühafizəsinə xidmət edirdi.

Tanrı qanunları

Zaman ötdükcə insanlar anladılar ki, keç də qanunda Tanrı qorxusunun mövcudluğu uzun ömürlü olmaq anlamına gəlmir, bunun üçün ya yeni bir şey meydana çıxmalı idi ki, o Tanrı ilə müqayisədə daha üstün özəlliklərə malik olmalıydı, ya da ki, hər şey bütünlükdə Tanrının ixtiyarına keçməli idi. Buna qədər Tanrı mövcud idi, lakin Tanrı adına hər hansı bir qanun mövcud deyildi. Odur ki, insanlar Tanrı üçün Tanrıya xidmət edəcək müxtəlif şəxsi qanunlar yaratmışdılar və bu yaradılışlar da qanunlar kimi zamanla inkişaf edirdi. Lakin bu yaradılışlar qanunlardan fərqli olaraq insanları deyil Tanrıları mühafizə edirdilər.

İnsanlar düşünürdülər ki, yunan Tanrıları Olimp dağında yaşayırdılar. Oradan – yüksək zirvələrdən baxanda insanlar da, onların əməlləri də xırda görünürdü. Hətta insanların taleyini həll etmək lazım gələndə belə Tanrılar bu işi yüksəkdən, təfərrüata varmadan edirdilər. Qanun isə yerdə yaşayır. O həm özü haqda, həm insanlar barədə çox şey bilir. O bilir ki, insanın xüsusiyyətləri heç biri insan üçün yad deyil. Tanrılardan fərqli olaraq qanunlar bir o qədər də qüdrətli deyil.

İnsanlar belə qərara gəldilər ki, onlar Tanrının köməyindən istifadə edərək qanunlar yarada bilərlər. Yaratdılar və sonradan Tanrının qanunları adını verdikləri qanunlar meydana gəlməyə başladı.
Tanrı qanunlarının artımı Tanrının səlahiyyətinin artımına da dəlalət etməyə başladı, yəni, yeni Tanrı qanunlarına ehtiyac var idi və bu qanunların meydana gəlməsi üçün yeni Tanrı məsələləri yaradılmalı idi. Beləcə bu yaranış baş verdi və Tanrının qanunlarının toplusu – dini mənbələr meydana gəldi. Dini mənbələr əvvəlkilərə baxanda bir az təkmil hesab olunurdu, çünki bu qanunlarda insanları maraqlandıran, daha doğrusu onlara müəyyən hüquqlar verən müddəalar mövcud idi. Lakin inkişafda olan bəşər övladını bununla razı salmaq çox da uzun davam edə bilməzdi.

Qanunların mübarizəsi

Qanun Tanrıdan öncə mövcud idi və onu insanlar yaratmışdılar, öz maraqları naminə. Sonra insanlar Tanrıları kəşf etdilər və öz yaratdıqları qanunları Tanrının sərəncamına verib onu Tanrının qanunlarına çevirdilər.

Kanta görə elmin heç vaxt aydınlaşdırmadığı 3 mövzu var – Tanrı, azadlıq və ölüm. Kantın bu münasibəti ilə qismən razılaşmaq mümkündür, razılaşılmayan hissə odur ki, elm nə qədər inkişaf etsə belə istənilən mövzunun mənbəsini axtardıqca onun elmi aydınlaşdırılması mümkün deyil, nəticə sonsuzluqdur!

Həqiqət budur ki, istər Kanta qədər, istərsə də ondan sonra elm aləmi Tanrının varlığının mövcudluğuna dair hər hansı bir uğurlu nailiyyət əldə edə bilməyib. Məhz bu yanaşmaya görə aydınlaşdırıla bilinməyən, yəni mövcudluğu elmi sübut olmamış bir mövzuya daxil olmaq və onun barəsində istənilən bir fikir yürütməkdən asan bir şey yoxdur. Məsələn, kainatın sərhədlərinin müəyyən olunmaması səbəbindən onun həcmi barəsində müxtəlif fikirlər irəli sürülə bilər, necə ki, irəli sürülür. Bu fikirlərin içərsində qanunlar da mövcuddur ki, burada məqsəd müxtəlif ola bilər.

Hinduların hüquqlarını qoruyan və tarixdə ilk insan hüquqlarıın müdafiəçisi kimi tarixə düşən monarx Las Kasasın məqsədi insanları müdafiə etmək idi, daha o, sonradan insan hüquqlarının müdafiəsinə çevrilmiş hərəkətinin həmin zaman mahiyyətini o qədər də dərk etməmişdir. Nə baş verirdi? Monarxın insan olmaq hüququnun müdaxiəsi ilə bağlı apardığı mübarizə cəmiyyət tərəfindən insan hüquqlarının müdafiəsi kimi qiymətləndirmişdir. Məgər insanın insan olmaq hüququnun müdafiə etmək niyyəti olmalıdırmı? Bu Tanrının istəyi idimi, yoxsa qanunların üstünlüyü? Tanrının adamı insan hüquqlarının müdafiəçisinə çevrilmişdi, insanın müdafiəsi hələ onun hüquq müdafiəçisi deyildir, lakin bütün müdafiələrin mənbəyində insan hüquqları durur. Yəni bütün hərəkətlər hüquqlar toplumu altında mühafizə olunmağa çalışmışdır və zamanla bu çəkişmə qanun fikirinə qədər yüksəlmişdir.

İnkivizisiya dövründə də dini məhkəmələrdə insanları müdafiə edən din adamları mövcud idi. Onlar xüsusi olaraq müdafiə funksiyası daşımırdılar, lakin insanın hərəkətinə dair öz doğru hesab etdikləri mülahizələrini irəli sürürdülər ki, bu bəzi hallarda müdafiə mexanizmi hesab olunurdu. Həmin insanlar üçün bir qanun mövcud idi – Tanrının qanunu!

Zamanın axarında Tanrı qanunların zəhmi və gücü insanları narahat etməyə başladı. O zaman insanlar həm azad olma, həm də müəyyən gəlir əldə etmək üçün Tanrının qanunlarından daha mükəmməl hesab etdikləri yeni qanunlar yaratdılar. Lakin insanlar Tanrı mifini o qədər böyük yaratmışdılar ki, bu qorxu onları məğlub hesab edirdi və beləcə insanlar dövlətin səlahiyyət gücündən istifadə edərək qanunları bütövlükdə dövlət qanunları halında yaratdılar.

Zaman-zaman Tanrı və dövlət qanunları mövcud oldu, lakin insanlar daha çox dövlət qanunlarına maraqlı olduqları üçün daha Tanrı qanunlarının yenilənməsi baş vermədi, əvəzində dövlət qanunları mütəmadi cəmiyyətə və zamana uyğun olaraq yeniləndi, inkişaf etdi və insanların marağına xidmət etmiş oldu. Lakin bəşər insanının dövlət qanunları ilə kifayətlənməyəcəyi çox da inandırıcı deyil və zaman-zaman Tanrı qanunlarına alternativ dövlət qanunları yaratdıqları kimi bir müddətdən sonra onlar cəmiyyət qanunları yaratmaq niyyətinə düşəcəklər və bu qanunlar ibtidai insan toplumu kimi müəyyən insan toplusunu əhatə edəcək.

Nəticə

Öncə qanunlar mövcud idi; heç yerdə yazılmayan, zaman-zaman şüurun, təbiətin və insanın inkişafı nəticəsində meydana çıxan qaydalar. İnsanlar bu qaydalara riayət edir, onların pozulmasında məsuliyyət müəyyən edir və lazım gələndə bu qaydalara əlavə və dəyişikliklər edirdilər. Bu qaydalarla yanaşı insanlar Tanrı mexanizmi yaratdılar və bu qaydaların bəzilərini Tanrının varlığına qurban verdilər, əvəzində isə Tanrının xidməti altında yeni qaydalar yaratdılar və bu qaydalar əvvəlki qaydalardan təsir gücünə görə tamam fərqlənirdi, çünki onlar adi insanlara deyil, insanların yaratdıqları Tanrılara məxsus idi.

Bir müddətdən sonra insanlar bu qaydalarla kifayətlənməyərək daha dəqiq, daha güvənli qanunlar yaratmaq niyyətinə düşdülər və bu niyyət dini mənbələrin meydana gəlməsi ilə başladı; Tanrının qanunları meydana gəldi. Bu qanunlar təsir gücünə görə o qədər məşhur oldu ki, insanlar sanki qanunların məhz Tanrıya məxsus olmasına özlərini inandırdılar və bununla da kifayətlənməyərək bu qanunların nəinki insanların hətta Tanrıların da yaratmadığını, məhz Tanrılara həvalə edildiklərinə inanmağa başladılar.

İnsanların şüur imkanları olduqca genişdir və bu şüur imkanları bəzən insandan asılı olmayaraq cəmiyyət və təbiətin inkişafına uyğun olaraq artırılır. Bu artım nəticəsində isə insanlar məhz onları idarə edəcək qanunların heç də hamısının Tanrıdan asılı olmadığı qənaətinə gəldilər və beləcə Tanrının qanunlarından kənar qanunlar meydana gəlməyə başladı – dövlət qanunları!

Əslində qanunun mövcudluğu onun təsir gücünə malik olması anlamına gəlmir. Əgər biz qanunlara nəzər salsaq bu gün də bəzi normalar “yatmış” vəziyyətdə olduğunu görərik. Yəni norma var, amma işlək deyil, lakin lazım olduğu zaman işlək vəziyyətə düşür, bu növ yuxudan ayılır. Yaxud “ölü” vəziyyətində olan normalar mövcuddur ki, onların işlək vəziyyətə gəlməsi üçün təcrübi imkanlar olmalıdır, yeni qanunlar meydana gəlməlidir.

Odur ki, qanunun işlək olmasına, onun təsir gücünü göstərməsi üçün müvafiq mexanizm olmalıdır. Qanunun kökündə nəzarət funksiyası dayanır və bu nəzarət funksiyası insanları qorxuda asılılıqda saxlamalıdır. Leninin mövqeyinə görə: “Hüquq normalarını yerinə yetirməyə məcbur edə biləcək bir aparat olmadan hüquq heç bir şeydir”. Bu aparat funksiyasını daha çox dövlət həyata keçirir, ümumiyyətlə dövlətin həyata keçirməsi daha məqsədəmüvafiqdir. Odur ki, qanunların yaranması, mövcudluğu, dəyişilməsi, ləğv edilməsi insanların maraq dairəsindən çıxış etsə də bütün bu mexaniz dövlət tərəfindən həyata keçirilməlidir. Əks halda biz qanunların tez-tez, ehtiyac olmasa belə dəyişilməsinə, ləğv edilməsinə şahidlik edərdik. Ümumiyyətlə, qanunun yaranması asan bir məsələ deyil, buna zəruri ehtiyac yaranmalıdır. Məsələn, qanunun yaranmasının nə dərəcədə zəruriliyi barədə kəndlilərin mənafeyini qoruyan əfsanəvi Zelevk belə bir qanun qoymuşdu: “Kim qanunu dəyişdirmək istəyirsə, boynuna kəndir salıb Afinaya, xalq yığıncağına gəlməlidir. Bu ondan ötürüdür ki, əgər təklif rədd edilsə, adamlar kəndir axtarmağa vaxt itirməsinlər. Əgər təklif bəyənilsə belə yenə kəndir gərək olacaq – köhnə qanunu müdafiə edənlər üçün”.

Təbii ki, dövlət mexanizmi Tanrı mexanizmini bir növ real həyat üçün üstəliyir. Əgər biz əksər dini rejimli dövlətlərə nəzər salsaq görərik ki, qanunların müdafiə mexanizmi məhz dövlətin əlindədir. Bu mexanizm dini qaydalara uyğun tənzimlənsə belə yenidən dövlət siyasətini təbliğ edərək dünyəvi xarakter daşıyırlar.

Paşa Səfərov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri

Oxşar xəbərlər