Hüquqi Yardım və Tədris Mərkəzində təcrübəçi tələbələrlə görüş keçirildi - FOTO


  • 27 İyul 2022 14:54

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində ADA Universitetinin Hüquqşünaslıq fakültəsinin təcrübəçi tələbələri ilə görüş keçirilib.

E-huquq.az-ın məlumatına görə, tələbələri salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, bürolarda onların təcrübə keçməsi hər cür şərait yaradılıb. O bildirib ki, məqsəd peşəkar hüquqşünaslar yetişdirmək və vəkillik peşəsinə maraq yaratmaqdan ibarətdir.

"Son illər ölkəmizdə aparılan islahatlar nəticəsində vəkillik institutu güclənib. Dövlətimiz vəkillik institutunun inkişafına böyük önəm verir. Biz cənab Prezidentin bu istiqamətdə dəstəyini hiss edirik. Həmçinin vəkillərin həmrəylik nümayiş etdirməsi, təşəbbüslər irəli sürməsi də Azərbaycanda vəkilliyin güclənməsinə səbəb olub. Amma bizim tələbə olduğumuz dönəmdə vəziyyət belə deyildi. O vaxt hətta təcrübə keçmək üçün belə şərait yox idi. Çox vaxt təcrübə keçməli olduğumuz yerlərə bizi buraxmırdılar. Təcrübənin sonunda sadəcə bir rəsmi sənəd təqdim edirdilər. Yəni, hər şey formal idi. Mən formallığın əleyhinəyəm. Formallıq olan yerdə inkişaf ola bilməz. İndi isə vəziyyət fərqlidir. Biz gənclər üçün şərait yaradırıq ki, onlar öyrənsinlər. Təcrübə keçmələri üçün ən qabaqcıl vəkil bürolarına göndəririk. Büro rəhbərlərindən də xahiş edirəm ki, tələbələrə dəstək olsunlar, onlar üçün lazımi şərait yaratsınlar. Tələbələrdən isə istəyimiz budur ki, məsuliyyətli olsunlar. Onlara yaradılan bu şəraiti yaxşı dəyərləndirsinlər. Həmçinin, diqqətlərinə çatdırmaq istəyirəm ki, təcrübə dönəmində qarşılaşdıqları çətinliklərlə bağlı bizə müraciət edə bilərlər. Eyni zamanda bürolarda rast gəlinən problemlər, çatışmazlıqlar barədə də fikirlərini bölüşə bilərlər. Biz hər zaman onların təkliflərini dinləməyə, bacardığımız dəstəyi göstərməyə hazırıq", - deyə sədr qeyd edib.

Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov vəkil bürolarında təcrübə keçməyin tələbələr üçün əhəmiyyətindən danışıb. O, həmçinin "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbinin də peşəkar hüquqşünasların yetişməsində oynayacağı roldan bəhs edib. Bildirib ki, ölkəmizdə ilk dəfə təşkil olunan layihəyə böyük maraq var. Ş.Məmmədov gənc hüquqşünas tələbələri Yay Məktəbində iştirak etməyə çağırıb.

"Mirzayev&Partners Law Firm" hüquq şirkətinin direktoru Şaiq Mirzəyev çıxışında ölkəmizdə son illər vəkillik institutunun artan nüfuzundan danışıb. Bildirib ki, xüsusən gənclər arasında vəkillik peşəsi populyarlıq qazanıb.

"Əvvəllər hüquq fakültəsini bitirənlər başqa peşələrə maraq göstərirdilər. Daha çox müstəntiq, hakim, prokuror olmaq istəyirdilər. İndi isə gənclərin böyük qismi vəkil olmaq arzusundadır. Bu da son illər vəkillik sahəsində aparılan islahatların nəticəsidir. Hüquqşünas tələbələrə isə təcrübələrində uğurlar arzulayıram. Ümid edirəm ki, bu təcrübə dönəmi onların peşəkar hüquqşünas kimi yetişməsində öz töhfəsini verəcək. Bürolarda keçəcəkləri təcrübə onların ixtisaslaşmasında da mühüm rol oynaya bilər. Burada cinayət, mülki, inzibati, kommersiya və s. işlərlə tanış olub hansı istiqamətin onların gələcək fəaliyyəti üçün məqsədəuyğun olması barədə qərar vermək imkanları da olacaq", - deyə o qeyd edib.

Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı çıxış edərək bildirib ki, gənc hüquqşünaslar arasında vəkillik peşəsinə maraq günü-gündən artır: "Mən hüquq fakültəsində oxuduğum vaxt müəllimimiz tələbələr arasında bir sorğu keçirmişdi. Sorğunun mahiyyəti ondan ibarət idi ki, hər kəs gələcəkdə fəaliyyət göstərmək istədiyi peşəni qeyd etsin. Sorğuda iştirak edən tələbələrin hamısı hakim, prokuror və müstəntiq olmaq istədiklərini yazmışdılar. Yalnız bir nəfər vəkil olmaq istədiyini qeyd etmişdi. Həmin o bir nəfər mən idim. O zaman mənim bu arzuma bir çoxları kinayə ilə yanaşdı. Çünki onda vəkilliyin indiki kimi nüfuzu yox idi. Lakin indi vəziyyət fərqlidir. Vəkilliyin nüfuzu artıb, bu peşəyə böyük maraq var. İndi gənc hüquqşünaslar vəkil olmaq istəyirlər. Biz "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbinin açılışında da bunu bir daha gördük. Çox şadam ki, mən də həmin Yay Məktəbində təlimçi qismində iştirak edirəm. Eyni zamanda tələbələrin büromuzda təcrübə keçməsindən də çox məmnunam. İnanıram ki, bu təcrübə onlar üçün faydalı olacaq".

"Universal" Vəkil Bürosunun müdiri Rahim Əlizadə çıxışında vəkillik sahəsində aparılan islahatların öz nəticəsini verdiyini deyib: "Özüm ixtisasca həm də iqtisadçıyam. Vəkilliyin artan nüfuzu məndə bu peşəyə maraq yaratdı və mən ikinci ixtisas olaraq hüquq üzrə təhsil aldım. Daha sonra vəkilliyə qəbul oldum və vəkil bürosu təsis etdim. Vəkillik sahəsində aparılan islahatların nəticəsidir ki, məni bu peşəyə gətirdi. Gənc hüquqşünasların da vəkilliyə maraq göstərməsi sevindirici haldır. Hazırda vəkillər arasında cinayət sahəsinə daha çox maraq var. Amma hesab edirəm ki, kommersiya sahəsi üzrə də peşəkar vəkillərin sayının artmasına ehtiyac var. Bu sahədə gənclərin yetişməsində dəstək göstərməyə, öz təcrübəmi bölüşməyə hər zaman hazıram".

Sonda tələbələrin fikirləri dinlənilib, təcrübənin səmərəli təşkili ilə bağlı müzakirələr aparılıb.


Xəyalə Bünyatova

Oxşar xəbərlər