Bu il 43 vəkil intizam icraatına cəlb olunub


  • 12 Avqust 2022 18:23

Azərbaycanda cari ildə 43 vəkil intizam icraatına cəlb olunub.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, vəkillər tərəfindən peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun, digər qanunvericilik aktlarının tələblərinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulduğu müəyyən edilib və bu barədə rəyi Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilib.

"Bu 43 rəy ilə bağlı olaraq, 12 intizam icraatı üzrə vəkillərə irad tutulub, 11 intizam icraatı üzrə onlara töhmət verilib, 11 intizam icraatı üzrə vəkillərin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunub, 9 intizam icraatı üzrə Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan VKRH bununla bağlı məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul edib", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Komissiya tərəfindən vəkillərin fəaliyyətində daha çox bu hallarla bağlı pozuntu müəyyən edilib: (1) dövlət hesabına hüquqi yardımın keyfiyyətsiz göstərilməsi və bu sahədə formal vəkilliyə yol verilməsi, (2) müqavilədənkənar pul vəsaitinin alınması, (3) hüquqi yardıma görə alınan haqqın nağdsız qaydada ödənilməsi tələblərinin pozulması, (4) qeyri-etik ifadələrdən istifadə edilməsi, vəkil etikasına zidd olan, vəkilliyin nüfuzuna xələl gətirən, vəkilə yaraşmayan hərəkətlərə yol verilməsi və s.

Oxşar xəbərlər