Məzmuna keç

Ali Məhkəmənin sədr müavini: “Son illər Vəkillər Kollegiyası böyük nailiyyətlər əldə edib”

"Güclü dövlət güclü iqtisadiyyatla bərabər, ədalət və hüququn aliliyi prinsipinə əsaslanır".

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Ali Məhkəməsinin sədr müavini, Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutmuş “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbinin bağlanış mərasimində çıxış edərkən deyib.

O qeyd edib ki, Ali Məhkəmə Vəkillər Kollegiyası tərəfindən təşkil olunan tədbirlərə hər zaman dəstək verib və bu tədbirlər gənc nəslin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

"Ümumiyyətlə, son illər Vəkillər Kollegiyasında mühüm islahatlar aparılıb və böyük nailiyyətlər əldə edilib. Vəkillik peşəsinin keyfiyyətinin artırılması, vəkillərin sayının artırılması istiqamətində xeyli işlər görülüb. Ali Məhkəmənin də marağındadır ki, bizim gənc nəslimiz hüquq peşəsi ilə yaxından tanış olsun. Onu da qeyd etmək istərdim ki, gənclər siyasətinin formalaşdırılması və inikişafı ulu öndər Heydər Əliyevin birbaşa fəaliyyəti ilə bağlıdır. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində qazandığımız böyük zərəf davamlı və dayanıqlı inkişafımız üçün yeni yol açıb. Gənc nəslin bu imkanlardan səmərəli istifadəsi üçün xalqımızın adət-ənənələrinə uyğun təhsil, tərbiyə, peşəkarlıq məsələlərinə diqqət göstərməyi böyük əhəmiyyət kəsb edir. Bu, gənc hüquqşünaslara da aiddir. Çünki güclü dövlət güclü iqtisadiyyatla bərabər, ədalət və hüququn aliliyi prinsipinə əsaslanır. Gənclər öz biliklərini və peşəkarlıqlarını artırmaqla dövlətimizin inkişafına töhfə verməlidirlər. Bu yay məktəbinin də təşkil olunmasında əsas məqsəd gənc nəsildə, gənc hüquqşünaslarda vətənə sevginin aşılanmasıdır. Vətənə sevgi olmasa, dövlətin inkişafı da olmaz və hesab edirəm ki, gənc hüquqşünaslar və hər kəs ilk növbədə bunu anlamalıdır", – deyə Ali Məhkəmənin sədr müavini vurğulayıb.