Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
E-huquq.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib.
O bildirib ki, E. Sadıqova qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb.
Vəkilinin sözlərinə görə, E. Sadıqov özünü təqsirli bilmir. O qeyd edib ki, Baş Prokurorluğun istintaq İdarəsi tərəfindən Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib.
***
20.01
Elçin Sadıqov saxlanılaraq dindirilmək üçün Baş Prokurorluğun İstintaq idarəsinə aparılıb.
E-huquq.az xəbər verir ki, hazırda vəkil Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilir.
***
Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqovun evində və ofisində axtarış aparılır.
E-huquq.az xəbər verir ki, bu barədə vəkil özü sosial şəbəkədə hesabında yazıb. O qeyd edib ki, prokurorluq orqanlarından zəng edərək, ofisində axtarışa gəldiklərini bildiriblər.
E. Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da prokurorluqdan ona evlərində axtarış aparılacağına dair xəbər verildiyini qeyd edib.
Məsələ ilə bağlı rəsmi məlumat hələ ki, yayılmayıb.
Qeyd də edək ki, Elçin Sadıqovun adı müdafiəçisi olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq Əvəz Zeynallıya verilməsində hallanır. Vəkil özü isə bu məlumatları təkzib edir.
