Məzmuna keç

Vəkillər Kollegiyasının “Biznes hüququ” Komitəsinin ilk iclası keçirildi

Sentyabrın 10-da Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin ilk ümumi yığıncağı keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda Komitənin sədri Nazlı Əhmədova, sədr müavinləri Altay Mustafayev və Əkram Həsənov, həmçinin Komitənin işçi qruplarının sədrləri və üzvləri iştirak edib.

Ümumi yığıncağı giriş sözü ilə açan Komitənin sədri Nazlı Əhmədova iclas iştirakçılarına Komitənin məramı, məqsədi və cari fəaliyyəti barədə məlumat verib.

Sonra Komitənin sədr müavini Əkrəm Həsənov Komitənin Əsasnaməsinin təqdimatını edib. O, Komitənin fəaliyyətinin əsas məqsədi, komitənin strukturu, idarə olunması, üzvlük, komitənin işinin təşkili barədə geniş məlumat vermiş, iclas iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra Komitənin sədr müavini Altay Mustafayev Biznes Hüququ Komitəsinin işçi qrupları, onların tərkibi barədə prezentasiya ilə iclas iştirakçılarına məlumat verib. O, qeyd edib ki, Komitənin tərkibində hazırda 6 İşçi Qrupu fəaliyyət göstərir.

İclasda həmçinin Nazlı Əhmədova 2022-ci ilin sonunadək Komitənin fəaliyyət planının təqdimatı və müzakirəsi ilə bağlı çıxış edib. O, bu günə qədər Komitə tərəfindən görülən işlər və gələcəkdə planlaşdırılan işlər barədə geniş məlumat verib. O, Komitə tərəfindən keçirilməsi planlaşdırılan “Business Law Discussion Club” (“Biznes hüququ üzrə müzakirə klubu”) layihəsi, onun formatı və mümkün tərəfdaşları, Komitənin yaradılmaqda olan saytı barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Komitə üzvlərini maraqlandıran suallar cavablandırılıb, “Business Law Discussion Club”da müzakirə olunacaq mövzular barədə fikir mübadiləsi aparılıb.