"Elçin 3 gündür ki, evə zəng etmir".
E-huquq.az xəbər verir ki, bunu həbsdə olan vəkil Elçin Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova deyib.
O həmçinin bildirib ki, E.Sadıqovun vəkilləri ilə görüşünə də icazə verilmir.
Baş Prokurorluq isə E.Sadıqovun vəkilləri ilə görüşə bilməməsi barədə məlumatları təkzib edib. Bildirilib ki, E.Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər – Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.
Xatırladaq ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. E.Sadıqov müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.
