Məzmuna keç

Sədr: “Bu gün vəkillərin ixtisaslaşmasına böyük ehtiyac var”

"İstehlakçıların hüquqlarının daha yüksək səviyyədə müdafiə olunması üçün vəkillərin bu sahədə bilik və bacarıqlarının artırılmasına ehtiyac var".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Vəkillər Kollegiyası ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimində çıxış edərkən deyib.

O bildirib ki, bu sahədə Dövlət Xidməti ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəbs edir: "Bu gün imzalanan memorandum çərçivəsində çox faydalı əməkdaşlıq quracağımıza inanıram. Sevindirici haldır ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu əməkdaşlığın əhəmiyyətini yüksək səviyyədə qiymətləndirir. Vəkillərin ixtisaslaşması, peşəkarlığının artırılması istiqamətində bizə dəstək göstərirlər. İnanıram ki, “Bazar İqtisadiyyatı və Rəqabət Mühiti” və “İstehlakçı hüquqlarının müdafiəsi mexanizimləri” mövzularında vəkillər üçün bu gün keçiriləcək təlimlər də öz töhfəsini verəcək. Öz növbəmdə təlimin təşkilinə və lazımi şəraitin yaradılmasına görə təşəkkür edirəm. Vəkillərimizin təlimə böyük maraq göstərməsi bizi çox sevindirir".

Sədr vəkillərin ixtisaslaşmasına böyük ehtiyac olduğunu vurğulayıb: "Bəzən insanlar elə fikirləşirlər ki, bir vəkil hüququn bütün sahələrini yüksək səviyyədə bilməlidir. Hər hansı bir vəkil mülki hüquq sahəsi üzrə ixtisaslaşıbsa, deyirlər ki, sən necə vəkilsən, cinayət hüququnu bilmirsən?! Lakin hesab edirəm ki, ixtisaslaşma olduqda müvafiq sahə üzrə daha peşəkar hüquqi yardım göstərilə bilər. Son illərdə Vəkillər Kollegiyasında islahatlar aparılır. Bu islahatlar çərçivəsində ixtisaslaşma məsələsinə də önəm verilib və Vəkillər Kollegiyasının ilk ixtisaslaşmış komitəsi “Biznes hüququ” Komitəsi yaradılıb. Komitədə biznes hüquqi üzrə peşəkar vəkillər təmsil olunurlar. Hesab edirəm ki, bu Komitə də Dövlət Xidməti ilə sıx əməkdaşlıq edəcək".

Xəyalə Bünyatova