- 6 İyun 15:27
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.
E-huquq.az xəbər verir ki, 338 nəfər vəkilliyə namizədin iştirakı ilə keçirilən imtahan Dövlət İmtahan Mərkəzi və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
İmtahan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq namizədlərin iştirakı ilə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada həyata keçirilir.
İmtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunur ki, bu suallardan 60 mümkün balı toplaya bilmiş namizədlər imtahanın növbəti – şifahi mərhələsinə keçə biləcəklər.
Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.
İmtahanın şəffaflığının təmin edilməsi məqsədi ilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökümət təşkilatlarından müşahidəçilər dəvət olunmuş, KİV nümayəndələrinin iştirakı təmin edilib.
Qeyd edək ki, imtahanda iştirak edən ən yaşlı namizəd 69, ən gənc isə 24 yaşındadır.
O cümlədən, regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 66%, Respublikanın digər regionları üzrə isə 34%-dir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək.
Namizədlərin 13%-i xarici, 87%-i yerli ali təhsil müəssisələrində təhsil almışlar ki, bu siyahıda ilk yeri 46% ilə Bakı Dövlət Universiteti tutur. Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 67%-ni təşkil edir. Qadın namizədlər 23%, kişi namizədlər isə 77%-dir.