Məzmuna keç

“Müntəzəm keçirilən imtahanlar regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına imkan verəcək”

"Bu gün vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsində iştirak edənlərin 67%-ni 40 yaşadək olan namizədlər təşkil edir. Bu da onu göstərir ki, gənclər arasında vəkilliyə çox böyük maraq var".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov deyib. Onun sözlərinə görə, son illərdə vəkillik sahəsində aparılan islahatlar bu peşənin nüfuzunun artmasına, xüsusən gənc hüquqşünaslar arasında populyarlıq qazanmasına səbəb olub.

Sədr müavini, həmçinin vurğulayıb ki, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi məqsədilə müntəzəm olaraq təşkil edilən imtahanlar bölgələrdə vəkil çatışmazlığı probleminin həllində mühüm rol oynayır.

"Bugünkü imtahanda ümumilikdə 338 nəfər iştirak edir. Namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 66%, Respublikanın digər regionları üzrə isə 34%-dir. Say nisbəti baxımından imtahanda Azərbaycanın əksər regionları təmsil olunur, bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək", – deyə A.Axundov qeyd edib.

Xəyalə Bünyatova