- 10 Aprel 14:39
Bu gün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association ilə ADA University arasında hüquq təhsili və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, hüquq tələbələri və məzunlarının təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bilddirib:
"İlk olaraq, qeyd etmək istərdim ki, bu ilin sentyabrında ADA-da Hüquq fakültəsinin ADA University School of Law yaradılmasında və bu gün də əməkdaşlığın rəsmi təməlinin qoyulmasındakı təşəbbüslərinə görə Universitetin rektoru professor Hafiz Paşayevə, icraçı prorektoru Fariz Ismailzadeyə və Hüquq Fakültəsinin qurucu dekanı Rashad Ibadov-Nadirbeyliyə öz minnətdarlığımı bildirirəm.
Sirr deyil ki, ADA ilə Kollegiya arasında son bir neçə ildir səmərəli əməkdaşlıq münasibətləri qurulub və nəticə etibarilə də, bu il yay aylarında vəkil qurumlarında tələbələr üçün formallıqdan tam uzaq olan, yeni model təcrübə proqramı layihəsinə start verilmiş və 20 ADA tələbəsi 1.5 ay müddətində müxtəlif vəkil qurumlarında təcrübə keçmişlər. Eyni zamanda, Kollegiyanın təşəbbüsü ilə ölkədə ilk dəfə 300-dən artıq hüquqşünas tələbənin müraciət etdiyi 1 aylıq Yay Məktəbinə də ADA-dan 31 tələbə qatılaraq, aktiv iştirak etmiş, nəzəri və təcrübi biliklərə yiyələnmişlər.
O cümlədən, bu günkü tədbirdə iştirak edən dəyərli həmkarımız Altay Mustafayev və başqa təcrübəli vəkillərimiz də ADA-nın Hüquq Fakültəsində müəllim-professor heyətində təmsil olunmaqla hüquq təhsili və elmində, tələbələrin peşəkar inkişafında mühüm rol oynayırlar.
Əminliklə bildirirəm ki, hüquq sahəsində elm və təcrübə arasında ciddi bağların yaranmasına xüsusi əhəmiyyət verən ADA ilə Kollegiya arasındakı formalaşmış sıx əməkdaşlıq bu gündən etibarən hüquq elminin inkişafı istiqamətində yerli və beynəlxalq təcrübəsinin birlikdə öyrənilməsi, Kollegiyanın Biznes Hüququ Komitəsi və s. ilə planlaşdırdığımız layihələr ölkədəki hüquq məktəbi və təhsili üçün əməli töhfəsini verəcəkdir".