Vəkillər Kollegiyası beynəlxalq hüquq üzrə məhkəmə müsabiqəsində iştirak edən komandaya dəstək göstərəcək


  • 24 Noyabr 2022 19:04

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib. Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 2 vəkilliyə namizədin və hüquq elmləri doktoru Ərəstun Qasımovun andiçmə mərasimi keçirilib.

Eyni zamanda, iclasda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq VIII "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası" və “Philip C. Jessup” Beynəlxalq hüquq üzrə məhkəmə müsabiqəsində iştirak edəcək komandanın qeydiyyat xərclərinin qarşılanması ilə bağlı müraciətlərə baxılmış və müvafiq maddi dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub. İclasda 3 yeni vəkil bürosunun təsis edilməsi ilə bağlı məsələ müzakirə olunub və büroların təsisi ilə bağlı müsbət rəy verilib. Eyni zamanda iclas gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılıb.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar verilib.

Oxşar xəbərlər