Vəkillər üçün “məlumatların mühafizəsi və şəxsi həyatın gizliliyinə dair beynəlxalq hüquq normaları” mövzusunda təlim keçirildi - FOTO


  • 30 Noyabr 2022 21:56

Noyabrın 30-da Vəkillər Kollegiyası ilə Avropa Şurasının Azərbaycan Ofisinin birgə əməkdaşlığı çərçivəsində “Məlumatların mühafizəsi və şəxsi həyatın gizliliyinə dair beynəlxalq hüquq normaları” mövzusunda beynəlxalq ekspertin iştirakı ilə Vəkillər Kollegiyasının üzvləri üçün təlim təşkil edilib.

E-huquq.az xəbər verir ki, təlimin açılışında Vəkillər Kollegiyasının sədri Anar Bağırov və AŞ-ın Azərbaycan Ofisinin rəhbəri Petr Zix iştirak edib.

Açılış nitqi ilə çıxış edən ofis rəhbəri Petr Zix hər kəsi salamlayaraq, layihə barədə geniş məlumat verib. O, Kollegiya ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edərək bildirmişdir ki, belə layihələr hüquqşünaslar, hüquq tələbələri üçün də keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, bu layihələrdəki təlimlər korrupsiya, çirkli pulların yuyulması, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrası və s. mövzularına həsr olunacaq.

Tədbirdə eyni zamanda açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edibki, Avropa Şurası ilə əlaqələrin ölkəmizin xarici siyasətindəki mühüm yerlərindən, AŞ ekspertlərinin bilavasitə iştirakı ilə qanunların hazırlanması ilə bağlı verilən töhfələrdən, AŞ-ın Bakı Ofisi tərəfindən ehtiyac duyulan sahələrdə səmərəli tədbirlərin təşkil edilməsindən, bu sahədə Kollegiya ilə olan əməkdaşlıq layihələrindən, AŞ-ın ali direktoratlıqlarının rəhbərlərinin müxtəlif illərdə ölkəmizə səfəri zamanı onların Kollegiyaya ziyarəti çərçivəsində keçirilmiş müzakirələrdən danışıb, o cümlədən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq 2019-2021 (PGG II) çərçivəsində AŞ və Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı ölkələrində vəkillik peşəsinin Avropa standartlarına uyğun olaraq gücləndirilməsi” regional layihəsinə Kollegiyanın müraciətinin qiymətləndirilərək, oraya rəsmi olaraq 16 fevral 2022-ci il tarixdə qoşulmasını və qarşıdakı fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb.

A.Bağırov həmçinin qeyd edib ki, istər bugünki tədbirin mövzusu, istər də digər mövzularda və bütün digər əlaqəli sahələrdə Vəkillər Kollegiyası Avropa Şurasının Bakı Ofisi ilə əməkdaşlığın gələcəkdə də genişləndirilməsi üçün həmişə səy göstərməyə hazırdır.

Tədbirdə eyni zamanda Avropa Şurasının İnformasiya cəmiyyəti şöbəsinin əməkdaşı, Proqram rəhbəri Şahin Abbasov və təlimçi Nevena Ruzic açılış nitqi ilə çıxış edərək təlim iştirakçılarına uğurlar arzulayıb.

Təlimdə şəxsi həyatın gizliliyinin vacibliyi, məlumatların mühafizəsinə dair beynəlxalq və Avropa hüquq standartları – Avropa Şurası və Avropa İttifaqı, məlumatların mühafizəsinə dair terminologiya və s. digər mövzular ətrafında təlim keçirilmiş, müzakirələr aparılıb.

İngilis dilində aparılan və azərbaycan dilinə tərcümə olunan təlimdə 20-dən çox vəkil iştirak edib.

Oxşar xəbərlər