Yusif Allahverdiyev: "Anar Bağırovun sədrliyi ilə vəkillik özünün ən yüksək intibah dövrünə çatıb"


  • 7 Dekabr 2022 17:05

"Anar Bağırovun Vəkillər Kollegiyasına sədrlik etdiyi ötən 5 il ərzində Azərbaycan vəkilliyi özünün ən yüksək intibah dövrünü yaşayıb və vəkilliyin nüfuzu əhəmiyyətli dərəcədə artıb".

Bunu e-huquq.az-a açıqlamasında "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun müdiri Yusif Allahverdiyev deyib.

O, dekabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransında Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun yenidən bu vəzifəyə seçilməsini alqışlayıb və növbəti 5 ildə vəkillik sahəsində islahatların uğurlar davam etdiriləcəyinə əminliyini vurğulayıb.

"Ötən müddət ərzində vəkilliyə qəbulla bağlı mütəmadi yazılı və şifahi imtahanlar keçirilib, nəticədə son 5 ildə Azərbaycanda vəkillərin sayı 2017-ci ilədək olan dövrlə müqayisədə 2,5 dəfə artaraq 2267 nəfərə çatıb. Son illərdə Azərbaycan vəkilliyi təkcə ölkəmizdə deyil, beynəlxalq arenada da böyük nüfuz qazanıb. İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının Plenar iclasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının bu quruma üzv seçilməsi vəkillik institutunun nüfuzunun göstəricisidir. Anar Bağırov 5 il əvvəl Vəkillər Kollegiyasının sədri seçiləndə verdiyi vədi bu dəfə də təkrar edərək “Mən hər bir vəkilin vəkili olacağım” deyə bildirdi. Bir daha başda Anar Bağırov olmaqla, sədr müavinlərini, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və İntizam Komissiyasına üzv seçilmiş həmkarlarımızı təbrik edir, onlara işlərində daim uğurlar arzu edirəm", - deyə Y.Allahverdiyev qeyd edib.

Oxşar xəbərlər