"Yusif Allahverdiyev və partnyorları" vəkil bürosunun vəkilləri Zülfiyyə Həşimova və İbrahim Hüseynov məhkəmədə növbəti yüksək uğura imza atıblar.
Bürodan e-huquq.az-a verilən məlumatda qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində baş vermiş cinayət işləri üzrə hadisə iştirakçılarından məhz hansının hərəkət və ya hərəkətsizliyinin hadisənin baş verməsinə səbəb olması faktının araşdırılması çox mühüm əhəmiyyət kəsb etməkdədir.
""Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarında* da məhkəmələrə məhz bu nüansa xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. Baş vermiş hadisəyə iştirakçılardan hansının hərəkət və ya hərəkətsizliyinin səbəb olması ekspertiza rəyi əsasında müəyyənləşdiyindən, tam və dolğun ekspert rəyinin alınması üçün ekspert qarşısında qoyulmuş suallar çox düzgün və dəqiq formada tərtib olunmalıdır.
Burada əsas iş əsasən vəkillərin üzərinə düşür. Vəkillər tərəfindən tam zamanında verilmiş doğru vəsatətlər, ekspert qarşısında qoyulmuş dolğun suallar, ziddiyət təşkil edən rəylərin düzgün formada mübahisələndirilməsi, bir sözlə, təqsirləndirilən şəxsin hüquqlarının yüksək peşəkarlıqla müdafiə olunması şəxsin təqsirsizliyinin sübuta yetirilməsində xüsusi rol oynamaqdadır.
Yasamal rayon Məhkəməsində Nadir Abbasovun (şərti ad) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsə bəraət hökmünün verilməsi də məhz "Yusif Allahverdiyev və partnyorları" vəkil bürosunun peşəkar vəkilləri Həşimova Zülfiyyə Vəli qızının və Hüseynov İbrahim Hüseyn oğlunun təqsirləndirilən şəxsə göstərdikləri yüksək keyfiyyətli hüquqi yardım nəticəsində mümkün olmuşdur.
Zülfiyyə Həşimova və İbrahim Hüseynovun bu növbəti təqdirəlayiq uğuru Azərbaycan vəkilliyinə inamı daha da artırmaqdadır", – deyə bildirilib.
