- 11:28
"28 Dekabr- "Vəkil günü" münasibətilə Azərbaycan vəkillərini təbrik edir, hər bir vəkilimizə hüquq və azadlıqların, qanunla qorunan mənafelərin müdafiəsi, şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi kimi şərəfli fəaliyyətində uğurlar arzulayıram".
Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusən Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti xüsusi diqqət alıb, bu təsisatın inkişafı istiqamətində çoxsaylı normativ addımlar atılıb:
"Bu mənada təsadüfi deyil ki, məhz Ulu Öndər Heydər Əliyevin imzası ilə 1999-cu il 28 dekabr tarixində qüvvəyə minmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun milli vəkilliyin inkişaf tarixinin başlanğıcı hesab olunur. Sevindirici haldır ki, dahi Liderin vəkilliyə mütərəqqi münasibəti bu gün Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdə, vəkillik fəaliyyətinin əsas prinsipləri, vəkillərin hüquqi statusu və onların özünüidarəsinin əsaslarına ən yüksək səviyyədə təminat verilməkdədir. Xüsusən cənab İlham Əliyevin Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə vəkillik təsisatının fəaliyyətində yeni dövr başlanmış, xüsusən son 5 ildə Vəkillər Kollegiyası, mövcud münbit mühitdə qlobal trendlərə çevik, adekvat reaksiya verməyi bacaran beynəlxalq müstəvidə rəqabət qabiliyyətli instituta çevrilmişdir. Heç şübhəsiz ki, bu prosesdə hər bir vəkilimizin özünəməxsus rolu, töhfəsi var. Mən keçmiş vəkil kimi onların uğurlarını görür, nəaliyyətlərini məmnunluqla izləyirəm. Vəkillərimizi parlamentdə təmsil etməyin qürurunu ifadə edərək daha güclü Azərbaycan naminə, dövlətimizin ali məqsədləri uğrunda vəkillərə yorulmaz fəaliyyətində uğurlar arzulayıram".