- 11:28
"Məlum olduğu kimi, son dövrlərdə Azərbaycanda bir sıra sahələrdə olduğu kimi vəkillik institutu da inkişafı yolunu tutub, bu sahədə ardıcıl, eyni zamanda əsaslı tədbirlər keçirilir. Görülən işlərin nəticəsi kimi Azərbaycanda vəkillik institutunun sürətli inkişafı, vəkil korpusunun güclənməsi, ölkəmizdə vəkillərin və vəkil qurumlarının sayının artması, ölkəmizdə vəkillik peşəsinin nüfuzunun artmasında mühüm rol oynayıb".
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 5 illik fəaliyyətinə dair hesabatda bildirilib.
Qeyd edilib ki, 2017-ci il dekabr ayından bu yana vəkillik sahəsində ardıcıl islahatlar aparılıb və bunun məntiqi nəticəsi olaraq vəkillərin sayı 2.5 dəfədən çox artb, Kollegiya aralarında CCBE də olmaqla dünyanın ən nüfüzlu beynəlxalq hüquq təşkilatlarına üzv olub, gənclərlə iş sahəsində mütərəqqi addımlar atıb. Kollegiya bir sıra dövlət və qeyri-dövlət qurumları ilə memorandumlar imzalayıb, vəkillərin rastlaşdığı problemləri aidiyyatı qurumlar qarşısında qaldırıb.
Təqdim olunan “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dekabr 2017 – Dekabr 2022-ci illər üzrə Fəaliyyəti Barədə Hesabat” adlı nəşrdə Kollegiyanın son 5 ildə görüdüyü işlər, apardığı ardıcıl və sistemli islahatlar öz əksini tapıb.
Hesabatda hüquq islahatlarına dəstək, vəkillik sahəsində islahatlar, vəkillərin fəaliyyətinə dəstək, vəkil həmrəyliyi və karantin dövründə vəkillik, vəkilliyin təşkilatlanması və vəkilliyə qəbul, regionlarda vəkillik və vəkil büroları, beynəlxalq əməkdaşlıq, 44 günlük vətən müharibəsi (II Qarabağ Müharibəsi), gənclərə dəstək, sosial aksiyalar, yarışmalar və ictimai fəaliyyət, vəkillərin intizam məsələləri, ödənişsiz hüquqi yardım, dövlət hesabına hüquqi yardım, əməkdaşlıq memorandumları və yerli tədbirlərlə bağlı geniş, hər tərəfli məlumatlar öz əksini tapıb.
Hesabatda mündəricatdakı başlıqlara toxunmaqla həmin hissəyə-mövzuya keçid etməklə siz hər bir mövzu ilə geniş tanış ola, həmçinin müvafiq QR kodları oxutmaqla həmin hissə ilə bağlı daha geniş məlumat əldə edə bilərsiz.
Qeyd olunmalıdır ki, Hesabat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və BMT‑nin İnsan Hüquqları üzrə Ali Komissarlığının həmmaliyyə dəstəyi ilə işıq üzü görüb.
Hesabatla buradan tanış ola bilərsiz.