- 11:28
Pakistan İslam Respublikası Ali Məhkəməsinin vəkili, "Jawad Zafar və Partnyorları" şirkətinin idarəedici partnyoru Muhammad Jawad Zafar, Pakistan Yüksək Məhkəməsinin vəkili Muhammad Talha Mushtaq, vəkillər - Shakhrukh Malhi və Rahim Zafardan ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
E-huquq.az xəbər verir ki, yanvarın 6-da nümayəndə heyəti Bakı şəhəri 38 saylı Vəkil Bürosunda olub. Büroda fəaliyyət göstərən vəkillər və hüquqi xidmətlər barədə qonaqlara ətraflı məlumat verilib. Səfər çərçivəsində qonaqlar Azərbaycanın turizm infrastrukturu ilə yaxından tanış olmaq məqsədilə İsmayıllı və Şamaxı rayonuna səfər ediblər.
Pakistanlı vəkillər yanvarın 9-da "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunda olublar. Görüş zamanı Azərbaycan və Pakistanın hüquq sistemi və vəkillik fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Yanvarın 10-da isə nümayəndə heyəti Bakı Kommersiya Məhkəməsində olmuş və sədr İlham Əhmədovla görüşüb. İ.Əhmədov nümayəndə heyətini məhkəmənin inzibati binası, o cümlədən məhkəmənin arxivi, dəftərxanası və iclas zalları ilə tanış edib. Həmçinin nümayəndə heyəti məhkəmə iclasında izləyici kimi iştirak edərək kommersiya mübahisəsinə baxılma qaydasını müşahidə ediblər.
Daha sonra pakistanlı vəkillər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətində olublar. Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov Azərbaycanda vəkillik fəaliyyəti, son dövrdə ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası beynəlxalq əməkdaşlığa böyük önəm verir.
Qonaqlar Azərbaycanda vəkillik sahəsində görülən işləri yüksək qiymətləndirib və səmimi görüşə görə Vəkillər Kollegiyasının rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.