"Laçın-Xankəndi yolunda ekofəalların etiraz aksiyası beynəlxalq qanunlar çərçivəsində keçirilir"


  • 17 Yanvar 2023 18:52

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Azərbaycanın dövlət qurumlarının monitorinq qrupunun ərazidə işləməsinə tam şərait yaradılmalıdır. Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Erməni cinayətləri beynəlxalq səviyyədə də etiraf edilir. Belə ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bugünümüzün əsas çağırışı bu sənədlərin kağız üzərində qalması deyil, onların icrası istiqamətində real addımların atılmasıdır.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi ilə QHT təmsilçiləri, eko-fəallar, könüllülər havanın şaxtalı olmasına baxmayaraq, 36-cı gündür ki, Laçın-Xankəndi yolunda aksiya keçirirlər. Yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, üç dildə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Azərbaycanda ekofəalların dekabrın 12-də başlanan aksiyası bu gün də davam edir. Aksiya xalqımızın ekoloji terrora və separatizmə qarşı mübarizədə nə qədər qətiyyətli olduğunu göstərməklə yanaşı, xalqımızın humanizmini də açıq şəkildə ortaya qoymaqdadır. Ermənistan keçirilən ekoloji aksiyanı dünya ictimaiyyətinə Xankəndidəki ermənilərin blokadaya alınması kimi sırımaqdadır. Halbuki, etirazların başladığı vaxtdan bu günə qədər aksiyaçılar heç bir dinc erməninin Xankəndiyə gediş-gəlişinə maneə yaratmayıb. Əksinə, aksiyaçılar sadə ermənilərin gündəlik yaşamında hər hansı məhdudiyyətin yaranmamasına xüsusi həssaslıqla yanaşırlar.Ermənistandan Xankəndiyə dərman preparatları, tibbi ləvazimat, ərzaq məhsulları daşıyan avtomobillərin hərəkətinə aksiyaçılar tərəfindən heç bir maneə törədilməyib. Xankəndidəki sadə erməni vətəndaşları bu gün də Laçın yolundan hər hansı məhdudiyyət olmadan istifadə etməkdədir. Rusiya sülhməramlılarının Xankəndidəki ermənilərə humanitar yardım daşıyan avtomobillərinin fəaliyyəti üçün də hər hansı problem mövcud deyil. Aksiyaçıların etirazı sadəcə separatçıların, qanunsuz erməni hərbi birləşmələrinin Laçın yolundan istifadəsinin qarşısını almağa, ekoloji terroru dayandırmağa yönəlib. Sülhməramlılar və dinc ermənilərlə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin də Xankəndiyə təhlükəsiz giriş-çıxışının təmini, bu şəhərin blokadada olması ilə bağlı fikirlərin tamamilə absurd olduğunu göstərir.

Onu da qeyd edək ki, beynəlxalq müşahidəçilərin Xankəndi və ətraf ərazilərdə fəaliyyəti aksiyaçıların da maraq dairəsindədir. Azərbaycanlı ekofəallar hesab edirlər ki, beynəlxalq təşkilatların məlum problemin həllinə cəlb edilməsi separatizmin və ekoloji terrorun qarşısının alınması baxımından faydalı olar. Elə bu səbəbdən də aksiyaçılar nəinki BQXK nümayəndələrinin fəaliyyətinə məhdudiyyət yaratmır, əksinə, hər vasitə ilə onlara yardım edirlər. Aksiyaçılar digər beynəlxalq təşkilatlara da müraciət edərək onları bölgəyə dəvət edir, hadisələrin şəffaflığını təmin etməyə çalışırlar. Halbuki, Xankəndi blokadada olsaydı, xarici müşahidəçilərin, beynəlxalq təşkilatların bölgəyə gəlişi Azərbaycan üçün arzuedilməz olar, aksiyaçılar tərəfindən beynəlxalq təşkilatlar bölgəyə dəvət olunmazdı.

Aksiya Azərbaycanın humanizminin növbəti təzahürü olmaqla yanaşı, erməni yalanının ifşası baxımından da önəmlidir. Əslində, Xankəndiyə gedib-gələn hər bir avtomobil blokada yalanının bir daha ifşası deməkdir. Bu avtomobillərin hərəkəti sübut edir ki, Xankəndinin blokadada olması ilə bağlı deyilənlər ermənilərin beynəlxalq ictimaiyyəti aldatmaq səylərinin davamıdır. Bu gerçəklik bir daha sübut edir ki, ermənilər dünya birliyini aldatmaq, onu öz yalanına alət etmək ənənəsindən imtina etməyiblər. Həmçinin, blokada yalanının ifşası ermənilərin öz cinayətlərini yalanlar və böhtanlar vasitəsilə ört-basdır etmək cəhdlərindən xəbər verir. Xankəndi blokadada deyil və Azərbaycan bütün ermənilər, o cümlədən, buradakı ermənilər üçün təhlükə yaratmır. Xankəndi və bütün ermənilər üçün yeganə təhlükə rəsmi İrəvanın separatizm siyasətidir.

Ermənistan sözügedən aksiya başlandığı gündən yenə də əsassız bəyanatları ilə beynəlxalq rəyi çaşdırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarında iddia edilir ki, guya Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri pozaraq, Laçın yolunu bağlayıb. Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi bu kimi əsassız şərhlər ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatlar Ermənistanın baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir. Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır.

Baş verən son hadisələr bu aksiyanın Vətən müharibəsindən sonra Azərbaycanın humanizminin növbəti təntənəsi olduğunu göstərir. Xatırladaq ki, Azərbaycan 44 günlük Vətən müharibəsində onun torpaqlarını 30 il işğalda saxlayan düşmənə belə humanist münasibət göstərilib, onunla mərhəmətli davranışı ilə diqqət çəkib. Vətən müharibəsində düşmən yaralılarına dərhal tibbi yardım göstərilib, onlara xüsusi diqqətlə yanaşılıb. Əsir düşən düşmən əsgərləri ilə beynəlxalq konvensiyalara uyğun şəkildə davranılıb. Müharibə dönəmində düşmənin mülki obyektlərinə və mülki vətəndaşlarına atəşin açılmaması da Azərbaycan insanının humanizminə dəlalətdir.

12 dekabr tarixində başlanan aksiya çərçivəsində də Azərbaycan eyni humanizmi təkrarlamaqda davam etməkdə, dinc ermənilərin sosial rifahına, gündəlik yaşamına, təhlükəsizliyinə risk təşkil edəcək hər cür adımdan çəkinməkdədir. Aksiyanın tamamilə dinc xarakter daşıması da bunu göstərir. Azərbaycan xalqı eynilə Vətən müharibəsində olduğu kimi, aksiya zamanı atdığı addımlarla da göstərir ki, o, hər zaman mübarizəni insani dəyərlər və beynəlxalq qanunlar çərçivəsində aparır. Qalib gəlmək, uğur qazanmaq üçün anti-insani vasitələrə əl atmaq, hüquqi və mənəvi dəyərləri tapdalamaq Azərbaycan insanının təbiətinə, dövlətçilik ənənəmizə yaddır.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər