Vəkilin "WhatsApp" hesabını oğurlayaraq müvəkkilinə qarşı dələduzluq etdilər - FOTO


  • 19 Yanvar 2023 12:29

Türkiyədə vəkilin "WhatsApp" hesabını oğurlayaraq vətəndaşlara qarşı dələduzluq ediblər.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, hadisə Adanada baş verib. Belə ki, vəkil Mehmet Uyar "WhatsApp" tətbiqinə daxil ola bilmədiyini, eyni zamada nömrəsinə zəng etməyin mümkün olmadığını görüb. O, mobil operatorla əlaqə saxladıqda nömrəsinin "hack" olunaraq başqa bir nömrəyə yönləndirildiyini öyrənib.

M.Uyar dərhal polisə şikayət edib. Araşdırma zamanı məlum olub ki, bu yolla dələduzlar onun telefonunda qeyd olunan 80 nömrə ilə "WhatsApp" vasitəsilə yazışaraq pul istəyiblər. Nəticədə M.Uyarın müvəkkillərindən biri bu tora düşərək dələduzlara 15 min lirə pul göndərib.

"İlk dəfədir başıma belə bir şey gəlir. Heç bir şübhəli linkə daxil olmamışam, e-poçt və ya sms açmamışam. Onlar üzərimdəki mobil telefonları, uşaqlarımın mobil telefonlarını, hətta evimdə siqnalizasiya sisteminə qoşulmuş sim kartı da sındırıb. Telefon kitabçamda çox mühüm vəzifələrdə çalışan müştərilərim var. Bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşları, ədliyyə işçiləridir. Təəssüf ki, onların şəxsi məlumatları və müştəri ilə vəkil arasında olan məxfi söhbətlər də deşifrə edilib. Mobil operator hələ də hadisə ilə bağlı konkret bir məlumat verməyib. Təəssüf ki, abonentlər olaraq təhlükədəyik. Şəxsi məlumatlarımızın qanunsuz olaraq üçüncü şəxslər tərəfindən istifadəsinə imkan verən və vaxtında lazımı tədbir görməyən şirkət barədə də şikayət etmişəm. Polis araşdırma aparır. Ümid edirəm ki, ən qısa müddətdə nəticə əldə edəcəyik”, - deyə vəkil qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər