"Ramil Rüstəmovun fikirləri anlaşılan deyil və vəkil adına böyük hörmətsizlikdir"


  • 22 Yanvar 2023 13:20

"Vəkil Ramil Rüstəmovun sosial şəbəkələrdə Şirvan Regional Vəkil Bürosunun vəkili barəsində söylədikləri ilə bağlı mümkün səviyyədə araşdırma aparılıb".

E-huquq.az-ın məlumatına görə, bunu Şirvan Regional Vəkil Bürosunun müdiri Ruslan Mirzəyev həmkarı Ramil Rüstəmovun fikirlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, R.Rüstəmovun ittiham etdiyi vəkillə söhbətdən və əlavə araşdırmadan sonra aydın olub ki, Şirvan şəhər sakini Quliyev Elgün Nəbi oğlu Cinayət Məcəlləsinin 234-cü maddəsi üzrə saxlanılarkən Büronun vəkili Şirvan Şəhər Polis Şöbəsinə dəvət olunub. Vəkil Polis Şöbəsinə getdikdən sonra saxlanılan şəxsə konfidensial görüşməyi təklif edib, lakin o, görüşə zərurət olmadığını, səmimi ifadə verəcəyini, fiziki-psixoloji təzyiqlərə məruz qalmadığını bildirib.

"Elgün Quliyevin üzərinə baxış keçirilərkən də vəkil təkrar ona döyülməsi və s. suallarla müraciət edib, lakin eyni cavabı alıb. Təqsirləndirilən şəxs kamera çəkilişi zamanı da eyni məzmunlu izahat verib. Vəkilin mənə bildirdiyinə görə, həmin vaxt təqsirləndirilən şəxsin davranışında, danışdığında təzyiq və işgəncə əlamətləri olmayıb. Daha sonra, vəkil polis şöbəsində onun saxlandığı yerə gedərək konfidensial görüşüb və təkrar eyni suallara eyni cavabı alıb. Təqsirləndirilən şəxs məhkəmədə də eyni məzmumlu ifadə verib. Bütün bunlar video-disk vasitəsilə qeydə alınıb və istənilən vaxt həmin qeydlər izlənilə bilər. Vəkil prokurorun təqdimatı üzrə məhkəmə iclasında olarkən vəkil Ramil Rüstəmovun şöbədə olmasından da məlumatsız olub.

Belə olan halda Ramil Rüstəmovun qeyd olunanlardan məlumatı olmadan, işdə olan disk qeydlərinə baxmadan, müdafiəçisi olduğu şəxslə bir kəlmə də kəsmədən vəkil barəsində sosial şəbəkədə "paykavoy vəkil" və sair ifadələrini işlətməklə, əsası olmayan fikirlər söyləməsi anlaşılan deyil və vəkil adına böyük hörmətsizlikdir. Eyni zamanda Ramil Rüstəmovun fikirlərinə istinadən bir çox həmkarların da sosial şəbəkələrdə söylədikləri, hətta təhqiramiz ifadələri təəssüf və etiraz doğurur.

Nəhayət, hörmətli Ramil Rüstəmovu qeyd olunmuş anlaşımazlıqla bağlı bizim də iştirakımızla araşdırma aparmaq məqsədi ilə Şirvan Regional Vəkil Bürosuna dəvət edirəm", - deyə R.Mirzəyev qeyd edib.

Xatırladaq ki, R.Rüstəmov sosial şəbəkədə bəzi vəkilləri müstəntiqin təqdim etdiyi bütün sənədlərə oxumadan, təqsirləndirilən şəxsin iradəsinə və hüququna zidd olaraq imza atmaqda ittiham edib.

Oxşar xəbərlər