Şaiq Mirzəyev: "İrandakı səfirliyimizə edilən hücum hər şeydən öncə beynəlxalq hüquq pozuntusudur"


  • 27 Yanvar 2023 15:40

Təəssüflə bildirək ki, bu gün səhər radələrində eşitdiyimiz üzücü xəbərdən çox sarsıldıq. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən silahlı hücum nəticəsində mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi və səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanması şox dərin narahatlıq doğuran qəbuledilməz haldır və bir fakt kimi beynəlxalq hüquqa, dövlətdaxili hüquqa tam olaraq ziddir.

Azərbaycan-İran münasibətlərində son dövrdə yaşanan gərginlik fonunda Tehrandakı səfirliyə silahlı hücumun olması çoxsaylı suallar yaradır. Suallardan biri də odur ki, cinayəti törədənlər nə dərəcədə siyasi motiv güdüblər və onların bu hərəkətlərinin arxasında kimlər dayanır?

Bundan əvvəl Azərbaycanın Fransada, Londonda, ABŞ-dakı səfirliklərinə də hücumlar olub ki, həmin hücumlarda itkilər yox idi. Tehrandakı silahlı hücumda həlak olan və yaralananlar var. Belə çıxır ki, bu silahlı hücuma əvvəldən hazırlaşılıb, məqsədöynlü şəkildə hazırlıq işləri görülüb. Bu da növbəti suallar yaradır. İranın ali siyasi rəhbərliyi bütün bu kimi məsələlərə aydınlıq gətirməlidir. Çünki bu, çox mənfi presidentdir. Hadisə bütün göstəriciləri ilə terrordur, Azərbaycanın ərazisinə təcavüzdür.

Cinayətkarlar mütləq şəkildə cəzalandırılmalı, səbəb və motivlərə tam aydınlıq gətirilməlidir. Bundan asılı olaraq Azərbaycan-İran münasibətləri müzakirə edilə bilər. İkitərəfli münasibətlərdə son dövrdə yaşanan gərginlik fonunda bu hadisənin baş verməsi əlavə gərginlik yaratmış oldu. Bütün baş vermiş təhlükəli hadisəyə, cinayətkar əmələ görə məsuliyyət qarşı tərəfin üzərinə düşür və onlar da cavab verməlidirlər. Belə çıxır ki, İran tərəfi orada çalışan səfirlik əməkdaşının təhlükəsizliyi məsələsinə çox barmaqarası baxıb. Ona görə də tam məsuliyyəti İran tərəfi daşıyır. Bundan sonra belə hadisələrin baş verməməsi ilə bağlı İranın öhdəlikləri olmalıdır.

Son aylarda İranda Azərbaycan əleyhinə həyata keçirilən təxribatlar, müvafiq media kampaniyaları Azərbaycana qarşı bu kimi hücumlara rəvac verir. Ehtimal etmək olar ki, hadisə İran hakimiyyətinin xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırılıb. Hələ 2022-ci ilin noyabrında İran səfirliyi qarşısında etiraz aksiyasının keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı. Onda İran vətəndaşı olan bir şəxs Azərbaycan səfirliyini, Naxçıvana tranzit olaraq keçən yük maşınlarının sürücülərini hədələmişdi. ABŞ-ın İrandakı səfirliyinə hücumu fəxarətlə söyləyən həmin şəxs səfirliyin daş-qalaq ediləcəyini, hətta, Azərbaycan vətəndaşlarını fiziki təzyiqə məruz qoyacaqlarını söyləmişdi. Həmin vaxt İran hakimiyyəti o şəxsi məsuliyyətə cəlb etmədi.

İran rejimi bununla Azərbaycana hədə-qorxu gəlməyə cəhd edirdi. Bu gün isə İranın real addım atdığı göründü. Hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var. Bu da qəribə deyil. Çünki İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir.

Mövcud olduğu 44 il ərzində Tehran rejimi səfirlik və konsulluqlara hücumu ilə seçilib. ABŞ səfirliyi, Səudiyyə Ərəbistanının konsulluğuna hücumları sübut olaraq göstərmək mümkündür. Bu hadisələr İrandakı səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət olmadığını isbatlayır. İran hakimiyyəti başqa ölkələrdəki səfirlik və nümayəndəliklərə də hücum təşkil edib. İranda xarici ölkə vətəndaşlarının təhlükəsizliyinə də təminat yoxdur. Son zamanlar etiraz aksiyaları fonunda baş verənlər bunu təsdiqləyir.

Azərbaycan tərəfi İran hakimiyyətində məsələ ilə bağlı obyektiv araşdırma gözləyir. Amma buna ümid çox azdır. Çünki artıq Tehran polisi ictmai rəyi fərqli istiqamətdə formalaşdırmağa səy göstərir. İddia ediblər ki, bu hadisə məişət hadisədir, guya terrorçu həmin əraziyə uşaqla gəlib .Qeyd edək ki,bu, İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunun hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür. İran rəsmilərinin davranışları isə hadisənin terror aktı olmasını sübut edir. Çünki səfirliyin mühafizə xidmətinin əməkdaşları hücumun qarşısına çıxmasaydı, əlisilahı adam diplomatik missiyanın əməkdaşlarının hamısını qətlə yetirəcəkdi.

Başqa bir tərəfdən İran tərəfi Azərbaycan səfirliyinin təhlükəsizliyini zəif təşkil edib. Hadisə baş verən zaman həmin ərazidə İran polisi ya olmayıb, ya da polis terrorun qarşısını almaq üçün cəhd göstərməyib. Hər iki halda hadisənin arxasında İran dövlətinin olduğu görünür.

Beləliklə, Tehran hakimiyyəti münasibətləri danışıq yolu ilə həll etməkdə aciz qaldığı üçün səfirliyə qarşı terror törətməyə üstünlük verib. Bu, onun şakəridir. Öz vətəndaşlarının dinc aksiyalarını sakit, dialoq yolu ilə həll etməkdənsə, onlara SEPAH və başqa güc strukturları vasitəsi ilə hücum təşkil edir.Onu da xüsusi qeyd edəkki, mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər