Türkiyədə “Vəkillik haqqında” qanun yenilənir


  • 6 Fevral 2023 09:30

Türkiyədə Ədliyyə Nazirliyi tərəfindən “Vəkillik haqqında” qanunun yenilənməsi məqsədilə yaradılmış Elm Komissiyasının ilk iclası keçirilib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, iclas ədliyyə naziri Bəkir Bozdağın sədrliyi ilə baş tutub.

İclasda Türkiyə Vəkillər Kollegiyasının baş katibi Veli Küçük, Ədliyyə Nazirliyinin rəsmiləri, elm adamları və vəkillər iştirak edib.

V.Küçük vəkillik peşəsinin icrasını asanlaşdırmaq və peşənin fəaliyyət sahəsini genişləndirmək məqsədi ilə bir sıra təkliflərlər çıxış edib.

O bildirib ki, vəkilliyin “ictimai” keyfiyyətinin aşınmasına yol verilməməli, əksinə, ictimai xarakter gücləndirilməlidir. Vəkillərin hüquq və səlahiyyətləri bu ictimai xarakterə və məhkəmə sisteminin fəaliyyətinə uyğun tənzimlənməlidir. Həmçinin qeyd edib ki, vəkillərin sənədlərə və məlumatlara çıxışına maneələr aradan qaldırılmalı, onların müxtəlif qurum və təşkilatlarla birbaşa yazışma, məlumat, sənəd və sübut əldə edə bilmələri təmin edilməlidir.

Baş katib deyib ki, hüquqi mübahisələrin ən qısa zamanda həlli üçün daşınmaz əmlak, kommersiya və s. kimi mübahisələrdə vəkillə təmsil olunmaq məcburi olmalıdır. Aztəminatlı şəxslərin həm mediasiya mərhələsində, həm də məhkəmə baxışı zamanı vəkillə təmsil olunmaq imkanı yaradılmalıdır.

Eltac Nurullazadə

Oxşar xəbərlər