"Türkiyədə vəkillərin sayının artması bu peşəyə verilən dəyəri azaldıb"


  • 6 Fevral 2023 16:57

"Türkiyə Vəkillər Kollegiyasının statistikasına əsasən, hazırda ölkədə 174.533 vəkil var. Onlardan 92.296-ı kişi, 82.237-si qadındır. 2017-ci ildə isə ölkədə 106 496 vəkil olub. Başqa sözlə, 5 il ərzində vəkillərin sayı 70 minə yaxın artıb. Bunun ən böyük səbəbi isə təbii ki, heç bir meyar olmadan açılan hüquq fakültələridir. Hazırda ölkəmizdə təxminən 81 hüquq fakültəsi fəaliyyət göstərir və hər il bu hüquq fakültələrindən xeyli sayda insan məzun olur. Hüquqşünasların sayının artması bu peşə sahiblərini insanlar üçün daha əlçatan edib. Nəticədə hüquqşünaslara daha az dəyər verilməsinə gətirib çıxarıb".

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu sözləri vəkil Baran Can Kaya deyib.

O bildirib ki, vəkillərin yaşadığı problem təkcə bundan ibarət deyil.

"Hazırda nisbətən təcrübəli vəkillər gənc həmkarlarının önünə keçməyə çalışırlar. Ofisləri olan vəkillər yanlarında işləyən vəkilləri iş vaxtından artıq işlədir və çox aşağı maaş verirlər. Vəkillər kiçik bir səhvə görə məhkəmədə və intizam komitəsində mühakimə olunurlar. Lakin onların aldıqları əmək haqqı təəssüf ki, bu məsuliyyətlə birbaşa mütənasib deyil. Cədvəllə müəyyənləşmiş məbləğdən daha aşağı məbləğə iş götürən vəkillər var. Bunlar da bazarı xeyli aşağı salır. Onsuzda təyin olunan minimum məbləğ vəkillərin əməyini ödəyə biləcək məbləğ deyil. Üstəlik bu məbləğdən də aşağı qiymətə iş qəbul etmək vəkilləri az qala kölələşdirir. Bütün bunlar azmış kimi, xüsusən gənc vəkillər polis idarəsinə gedəndə polislə, icra idarəsinə gedəndə idarənin işçiləri ilə, məhkəməyə gedəndə isə məhkəmə işçiləri ilə problem yaşayırlar. Onda sual yaranır ki, biz nə edə bilərik? Təbii ki, çıxış yol peşədən imtina etmək deyil. İlk növbədə bu problemi qəbul etməyən və iqtisadi vəziyyəti nisbətən yaxşı olan böro rəhbərlərinə hər gün bu problemin olduğunu xatırlatmaq lazımdır. Nazirliklə görüşlər keçirilməli və həll yollarının işlənib hazırlanması barədə müzakirələr aparılmalıdır. Hüquq fakültəsinin açılması şərtləri yenilənməlidir, hər universitet maya dəyəri az olduğu üçün hüquq fakültəsi açmamalıdır. Bu şərtlərə cavab verməyən universitetlər bağlanmalıdır. Hazırda öz peşəsi ilə məşğul olan hüquqşünaslar vəkillik üçün imtahan tələbinə tabe olmalıdırlar. Bundan başqa, Cinayət Prosessual Məcəlləsi rüsumları dərhal minimum əmək haqqı tarifinə uyğunlaşdırmalı, vətəndaşların hüquqi müdafiəsi sığortası tətbiq edilməlidir. Gənc vəkillər olaraq biz daim bu məsələdə Vəkillər Kollegiyasının rəhbərliyinə təzyiq göstərməliyik. Əks halda bu səfalətin günü-gündən artacağı aydındır", - deyə Baran Can Kaya qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər