Hüquqşünas tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin açılış mərasimi keçirildi - FOTO


  • 9 Fevral 2023 18:32

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Gənclər Fondunun birgə təşkilatçılığı ilə hüquqşünas tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin açılış mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, mərasimdə giriş nitqi ilə açan Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov tələbələri Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, onlara uğurlar arzu edib. O, bu layihənin gənc hüquqşünasların ixtisaslaşmasına böyük töhfə verəcəyini və onların vəkillik fəaliyyəti ilə daha yaxından tanış olmasına imkan yaradacağını bildirib. Tələbələr arasında vəkilliyə marağın artdığını vurğulayan Şahmar Məmmədov qış məktəbindən böyük gözləntilərin olduğunu diqqətə çatdırıb: “Hüquqşünas tələbələrin bizim çağırışımıza səs verməsi və burada iştirakı çox qürurvericidir. Qeyd edim ki, tələbələr arasında layihəyə böyük maraq yaranıb. Təsadüfi deyil ki, qış məktəbində iştirak üçün müraciət edənlərin sayı həddindən artıq çox olub, lakin fevralın 1-də qeydiyyat dayandırılıb. Əminəm ki, qeydiyyat dayandırılmasaydı, 316 deyil, 400-dən çox tələbə müraciət edərdi. Müraciət edənlərdən 40 nəfəri motivasiya məktubu əsasında müəyyən olunaraq, qış məktəbində iştirak hüququ qazanıb. Gələcəkdə digər tələbələrin də bu və ya digər layihələrə cəlb edilməsi nəzərdə tutulub”.

Şahmar Məmmədov qeyd edib ki, məktəbdə tələbələrin təcrübi biliklərə yiyələnməsi ilə yanaşı, asudə vaxtlarını maraqlı keçirməsi üçün də bütün şərait yaradılıb: “Ümid edirəm ki, peşəkar vəkil həmkarlarımız gələcək hüquqşünas kadrların yetişdirilməsi istiqamətində öz biliklərini bölüşəcəklər. Burada iştirak edən hər bir tələbəyə, bizim gələcəyimiz olan gənclərə uğurlar arzu edirəm”.

Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov isə bu gün ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanlar yaradıldığını bildirib. O vurğulayıb ki, Fond 11 illik fəaliyyəti dövründə 110 mindən çox gənci əhatə edib. Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlığa toxunan Qədir Xəlilov tələbələrin biliklərinin artırılmasında qış məktəbinin böyük rolu olacağına əminliyini ifadə edib.

Sonra tədbirdə tələbələrin təklifləri səsləndirilmiş və onları maraqlandıran suallar cavablandırılıb.

Daha sonra mərasim iştirakçıları Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından tanış edilmiş və onlara uşaqlar tərəfindən vəkilliklə bağlı çəkilən rəsm əsərləri nümayiş olunub.

Oxşar xəbərlər