- 11:28
Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyasının və Gənclər Fondunun birgə təşkilatçılığı ilə hüquqşünas tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı qış məktəbinə start verilib.
E-huquq.az-ın məlumatına görə, layihə çərçivəsində bu gün hüquqşünas tələbələr “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunda olublar.
Tələbələr büronun nəzdində yaradılmış Dünya Vəkil Cübbələri Muzeyi ilə tanış olublar.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən gətirilən vəkil cübbələrinin nümayiş olunduğu muzey gənc hüquqşunaslar və tələbələr üçün əhəmiyyətli məlumat mənbəyidir.
Qeyd olunub ki, muzeydə yer alan vəkil cübbələri 2021-ci ildə Azərbaycan vəkillərinin peşə bayramı olan 28 dekabr - Vəkil Günü ərəfəsində təşkil olunan “Dünya vəkil cübbələri və atributları” sərgisində nümayiş olunub. Sərginin böyük marağa səbəb olduğu vurğulanaraq, gələcəkdə sərbəst fəaliyyət göstərən və vəkil, hakim cübbələri, vəkillik simvolikalarından ibarət muzeyin yaradılmasının planlaşdırıldığı bildirilib.
Daha sonra tələbərin muzey və nümayiş olunan vəkil cübbələri ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi hüquqşünas tələbələrdə vəkillik peşəsinə marağın artırılması və onların qış tətilinin səmərəli keçirilməsi məqsədilə təşkil olunub.




Lalə Salmanova