Türkiyə Vəkillər Kollegiyasının sədri Anar Bağırova təşəkkür məktubu ünvanladı


  • 10 Fevral 2023 19:01

Türkiyə Vəkillər Kollegiyasının sədri Erinç Sağkan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova təşəkkür məktubu ünvanlayıb.

E-huquq.az-ın məlumatına görə, E.Sağkan Türkiyədə baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən göndərilən maddi yardıma görə təşəkkür edib.

"6 fevral 2023-cü il tarixində baş verən zəlzələlər nəticəsində xeyli sayda vətəndaşımızın həyatını itirməsindən dərin kədər hissi keçiririk. Ölkəmizin 10 vilayətində ağır itkilərə səbəb olan zəlzələdən həmkarlarımız da zərər çəkib. Siz dostlarımızın maddi və mənəvi dəstəyi sayəsində zəlzələdən zərər çəkmiş həmkarlarımıza və vətəndaşlarımıza dərhal yardımların göstərilməsi üçün səylərimizi davam etdirəcəyik. Fəlakətlə üzləşdiyimiz çətin günlərdə bizi tək qoymayaraq dərdimizə ortaq olan dəyərli Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinə, azərbaycanlı həmkarlarımıza və bütün qardaş Azərbaycan xalqına səmimi təşəkkürümü bildirirəm", - deyə o, məktubda bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Vəkilliyin İnkişaf Fondundan 1 milyon türk lirəsi ayrılıb. Bu vəsaitin 500 min lirəsi Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD), 500 min lirəsi isə Türkiyə Vəkillər Kollegiyasının hesabına köçürülüb.

Lalə Salmanova

Oxşar xəbərlər