“Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzində olub - FOTO


  • 16 Fevral 2023 10:28

“Vəkil olmaq istəyirəm” adlı qış məktəbinin iştirakçıları “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzini ziyarət edib.

E-huquq.az-ın məlumatına görə, mərkəzin əməkdaşı ekskursiya iştirakçılarına məlumat verib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, ölkəmizin tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin respublikamızda tanıdılması istiqamətində fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Ümummilli Liderin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb.

Öncə ziyarətçilər 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.

Sonra Ümummilli lider Heydər Əliyevin ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr ziyarətçilərə çatdırılıb.

“Azərbaycan inciləri” sərgisi ilə tanışlıq zamanı ziyarətçilərə Azərbaycan tarixi və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətlərinin, çoxəsrlik tarixinin, mədəni irsinə dair nadir eksponatların nümayiş etdirildiyi barədə məlumat verilib. Bildirilib ki, bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.

Ziyarətçilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıb.

Eltac Nurullazadə

Oxşar xəbərlər