- 11:28
"Məişət zorakılığına məruz qalan şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı müzakirələr gedir. Bununla bağlı qanuna dəyişiklik edilməsi gözlənilir".
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasnın sədr müavini, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov deyib.
O bildirib ki, dövlət hesabına hüquqi yardım göstərilən şəxslərin əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var.
"Hazırda inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Qanunda zərərçəkmiş şəxsə dövlət hesabına hequqi yardım göstərilməsi nəzərdə tutulmayıb. Lakin ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Həmçinin zorakılıq qurbanı olmuş və cinayət prosesində öz hüquqlarını müstəqil həyata keçirən və pulsuz hüquqi yardım göstərilməsini tələb edən uşaqlara da dövlət hesabına hüquq yardım göstərilir. Biz Vəkillər Kollegiyası olaraq hesab edirik ki, dövlət hesabına hüquqi yardımla bağlı qanunvericilik təkmilləşdirilməli və bu yardımdan faydalana bilən şəxslərin əhatə dairəsi genişləndirillməlidir. Xüsusən də mülki işlər üzrə birinci instansiya və apellyasiya instansiyasında dövlət hesabına hüquqi yardımın göstərilməsi təmin edilməlidir", - deyə Ş.Məmmədov qeyd edib.
Sədr müavini deyib ki, dövlət hesabına hüquqi yardım cinayət təqibini həyata keçirən orqanın qərarı əsasında göstərilir və Kollegiyanın öz təşəbbüsü ilə zərərçəkmiş şəxslərə hüquqi yardımın göstərilməsini həyata keçirmək kimi öhdəliyi yoxdur: "Bilirsiniz ki, mülki və inzibati işlərdə yalnız kassasiya instansiyasında dövlət hesabına hüquqi yardım göstərilir və bu da müvafiq qərar əsasında həyata keçirilir. Yəni, Vəkillər Kollegiyasına müvafiq orqanın qərarı daxil olduqdan sonra dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi mümkündür".
Ş.Məmmədov onu da bildirib ki, qanunvericilik ödənişsiz hüquqi yardımla bağlı vəkillərin üzərinə öhdəlik qoymasa da, Vəkillər Kollegiyası aztəminatlı şəxslər üçün mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları keçirir: "Cənab Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22 fevral 2018-ci il tarixli Sərəncamında hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlərin göstərilməsini təşkil etmək tövsiyə olunub. Məhz bu tövsiyələrdən irəli gələrək Vəkillər Kollegiyası Bakıda və regionlarda genişmiqyaslı ödənişsiz hüquqi yardım aksiyları təşkil edib. Eyni zamanda ahıllar evlərində, cəzaçəkmə müəssisələrində və s. belə aksiyalar həyata keçirmişik. Bu müddət ərzində artıq 30 mindən artıq vətəndaş ödənişsiz hüquqi yardımdan faydalanıb. 2022-ci ildə Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən 500-ə yaxın, Vəkillər Kollegiyası tərəfindən isə respublika üzrə 4 min nəfərə yaxın vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib. Biz bu aksiyaların təşkilini özümüzə mənəvi borc bilirik. Həmçinin, Ombudsman Aparatından, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən və digər bir sıra dövlət qurumlarından vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı Vəkillər Kollegiyasına müraciətlər daxil olub ki, biz həmin müraciətləri də maksimum dərəcədə təmin etməyə çalışmışıq. Ümumiyyətlə, çalışırıq ki, hüquqi yardımla bağlı bizə müraciət edən bütün aztəminatlı şəxslərə əlimizdən gələn dəstəyi göstərək. Əslində, ödənişsiz hüquqi yardım məsləhətlərin verilməsi, ərizə və şikayətlərin tərtib olunmasından ibarətdir. Lakin Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə bu istiqamətdə fəaliyyət genişləndirib və şəhid ailələri, müharibə qaziləri üçün məhkəmələrdə təmsilçiliyin də ödənişsiz əsaslarla həyata keçirilməsini nəzərdə tutulub".
Xəyalə Bünyatova