Vəkillər Kollegiyasının nümayəndə heyəti Serbiyada səfərdə olub - FOTO


  • 2 Mart 2023 11:05

24-26 fevral 2023-cü il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov və Aparat rəhbəri Bayram Orucov Serbiya Vəkillər Kollegiyasının (SVK) dəvəti ilə Belqrad şəhərində vəkil gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak ediblər.

E-huquq.az xəbər verir ki, tədbirdə Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) prezidenti Panagiotis Perakis, Beynəlxalq Vəkillər Assosiasiyasının (UIA) baş katibi (eyni zamanda, növbəti dövr üçün seçilmiş prezidenti) Jacqueline Scott, dünyanın müxtəlif ölkələrindən vəkillər kollegiyaları və hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

ARVK nümayəndə heyəti səfərin əvvəlində ümummilli lider Heydər Əliyevin Belqrad şəhərində yerləşən büstünu ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad edib.

Tədbir çərçivəsində ilk olaraq SVK tərəfindən qonaqlar üçün rəsmi qəbul təşkil olunub.

Növbəti gün Belqrad Milli Teatrında SVK tərəfindən təşkil olunan rəsmi tədbirin əvvəlində Serbiyada vəkillik peşəsinin tarixindən bəhs edən bədii sənədli film nümayiş olunub.

Daha sonra, SVK-nın sədri, CCBE-nin prezidenti, UIA-nın baş katibi, ARVK sədri, dövlət rəsmiləri və digər qonaqlar çıxış edərək, səmərəli əməkdaşlığın əhəmiyyətindən və beynəlxalq təcrübənin vəkillik sahəsindəki islahatlarda rolundan danışıblar.

Səfər çərçivəsində Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) şərqi Avropa komitəsinin sədri Rajko Maric ilə keçirilmiş görüşdə, Azərbaycanda vəkillik sahəsində son illərdə görülən işlərin yüksək qiymətləndirildiyi diqqətə çatdırılmış və birgə müxtəlif layihələrin həyata keçirilməsi üzrə ilkin razılıqlar əldə olunub.

Bundan başqa, ötən müddətdə ərzində qurulmuş əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədilə CCBE, UIA və SVK-nın nümayəndə heyətləri, habelə digər Vəkillər Kollegiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilmiş, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Oxşar xəbərlər