Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi - FOTO


  • 6 Mart 2023 21:16

6 mart 2023-cü il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sədr 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Rəyasət Heyətinin və İntizam Komissiyasının xanım üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş İlqar Fətəliyev və Arif Mehdiyev and içiblər.

İclasda Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyevin Avstriyanın Vyana şəhərində keçiriləcək Arbitraj müsabiqəsində tələbələrin iştirakı ilə bağlı maddi dəstək göstərilməsi barədə müraciətinə baxılıb. "ADA" Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadov isə müraciətində universitetin Hüquq fakültəsinin bir qrup tələbəsinin Philip C. Jessup adına təşkil edilmiş "Beynəlxalq Hüquq Məhkəmə Müsabiqəsi"ndə iştirakı üçün maddi dəstək göstərilməsini xahiş edib. Rəyasət Heyəti hər iki müraciətə müsbət cavab verib.

İclasda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar üçün xeyriyyə konsertinin təşkilinə dəstək göstərilməsi ilə bağlı müraciətə də baxılaraq, müsbət qərar qəbul edilib.

Daha sonra başqa vəkil qurumlarına keçirilmə barədə müraciətlərə baxılaraq, müvafiq qərarlar qəbul edilib.

İclasda bəzi vəkillərin vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunma və borcların silinməsi ilə bağlı müraciətlərə də baxılıb.

Sonda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə edilib.

Oxşar xəbərlər