Naxçıvanda vəkillik sahəsində yaranan problemlər müzakirə olundu - FOTO


  • 9 Mart 2023 16:10

"Biz həmişə Naxçıvan vəkilliyini və onun problemlərini diqqətdə saxlamışıq. Naxçıvandakı həmkarlarımıza dəstək göstərməyə hər zaman hazırıq".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvləri ilə görüşündə deyib.

O bildirib ki, Naxçıvanda vəkilliyin inkişafı üçün mühüm islahatların aparılması nəzərdə tutulur.

"İlk növbədə burada vəkillərin sayının artmasına ciddi ehtiyac var. Hazırda Naxçıvanda 16 vəkil fəaliyyət göstərir ki, bu da çox aşağı göstəricidir. Burada yeni vəkil qurumları yaradılmalı, eyni zamanda fərdi vəkillərin fəaliyyəti üçün şərait olmalıdır. Vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlığının təmin olunması üçün vəkillərin sayının kifayət qədər olması mühüm məsələlərdəndir. Bilirsiniz ki, ölkəmizdə vəkillərin sayının artırılması üçün böyük işlər görümüşük və ciddi irəliləyiş əldə etmişik. 5 il əvvəl ölkədə təxminən 850 vəkil var idisə, bu gün bu rəqəm 2300-ü keçib. Həqiqətən də çox yaxşı göstəricidir. Ümid edirəm ki, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanda da bu sahədə irəliləyiş əldə edəcəyik", - deyə sədr qeyd edib.

A.Bağırov deyib ki, Naxçıvan səfəri vəkilliyin inkişafı baxımından çox məhsuldar olacaq: "Biz burada mühüm görüşlər keçiririk. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşümüz oldu. Bir sıra məsələləri müzakirə etdik və fikir mübadilələri apardıq. Bu gün, həmçinin Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin kollektivi ilə görüşəcəyik. Biz bu fakültə ilə əməkdaşlıq etmək niyyətindəyik. Çünki hesab edirəm ki, gənc hüquqşünasların yetişməsində vəkilliyin xüsusi rolu olmalıdır".

Oxşar xəbərlər