Vəkillər Kollegiyası ilə Naxçıvan Dövlət Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO


  • 9 Mart 2023 19:28

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olublar.

E-huquq.az xəbər verir ki, qonaqları salamlayan rektor Elbrus İsayev Universitetin fəaliyyəti, aparılan islahatlar haqqında geniş məlumat verib. O bildirib ki, hazırda Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində 514 tələbə təhsil alır.

Vəkillər Kollegiyası ilə əməkdaşlığı yüksək qiymətləndirən rektor imzalanacaq memorandumun tələbələrə böyük fayda verəcəyini qeyd edib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə çıxışında deyib ki, ölkəmizdə Naxçıvan Dövlət Universiteti kimi qabaqcıl təhsil ocaqlarının fəaliyyət göstərməsi sevindirici haldır: "Hesab edirəm ki, Naxçıvan Dövlət Universitetinin fəaliyyəti həqiqətən örnəkdir. Çünki universitetin tələbələri həmişə yaxşı nəticələr göstərib. Azərbaycan vəkilləri arasında da xeyli sayda Naxçıvan Dövlət Universitetinin məzunları var".

Sədr qeyd edib ki, Vəkillər Kollegiyası Azərbaycanda də fəaliyyət göstərən bütün ali təhsil müəssisələri ilə əməkdaşlıq edir, onların fəaliyyətinə dəstək göstərir: "Digər universitetlərlə imzaladığımız memorandumlara əsasən, biz tələbələrin özünü inkişaf etdirməsinə, müxtəlif müsabiqələr, yarışlar vasitəsilə təhsillərini daha da təkmilləşdirməsinə dəstək oluruq. Hesab edirəm ki, bugünkü memorandum da tələbələrin qarşısında yeni imkanlar açacaq".

Sonra Kollegiyanın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.

Daha sonra əməkdaşlıq haqqında memorandum imzalanıb.

Oxşar xəbərlər