Əsgər Novruzov: "Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları vəkillik institutunun da inkişafına təkan verib"


  • 10 Mart 2023 12:34

"Azərbaycan müstəqilliyini əldə etdikdən sonra insan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulub, ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunub, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlanılıb".

E-huquq.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini Əsgər Novruzov Naxçıvanda keçirilən “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan edib, insan hüquq və azadlıqlarını gözləməyi və qorumağı isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit edib.

"Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi islahatların aparılmasına zəmin yaratmış, demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini Konstitusiyada tapıb. Bu inkişafın əsas istiqamətlərindən biri də qərəzsiz, ədalətli, aşkar və səmərəli ədalət mühakiməsinin formalaşdırılması məqsədi ilə həyata keçirilən məhkəmə-hüquq sisteminin islahatı olub. Bu islahatlar ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, vahid hüquq sisteminin tərkib hissəsi kimi vəkillik institutunun da inkişafına, bu sahəyə dövlət qayğısına və dəstəyinə təkan rolu oynayıb", - deyə Ə.Novruzov qeyd edib.

Lalə Salmanova

Oxşar xəbərlər