Anar Bağırov: "Azərbaycan və Türkiyə vəkilləri arasında vahid platforma yaradılmalıdır"


  • 13 Mart 2023 13:07

"Azərbaycan və Türkiyə vəkilləri arasında əməkdaşlığın daha səmərəli inkişafı ilə bağlı təkliflərimiz var".

E-huquq.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O, vəkillik sahəsində Türkiyə ilə əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu bildirib.

"Məlum olduğu kimi, 15 iyun 2021-ci il tarixində Azərbaycan və Türkiyə arasında Şuşa Bəyənnaməsi imzalanıb. Türkiyə və Azərbaycan müttəfiq dövlətlərdir. Zənnimcə, bu baxımdan hər iki ölkənin vəkilləri daha sıx əməkdaşlıq etməlidirlər. Çünki biz vəkillər cəmiyyətin bütün problemlərini bilən insanlarıq. Ona görə də sıx əməkdaşlıq etməyimiz bu müttəfiqliyin güclənməsinə töhfə verər. Bizim səfərimizin də məqsədi Türkiyə və Azərbaycan Vəkillər Kollegiyaları arasında əməkdaşlığı inkişaf etdirməkdir", - deyə sədr bildirib.

A.Bağırovun sözlərinə görə, Azərbaycan və Türkiyə vəkilləri arasında vahid platforma yaradılmalıdır: "Gələcəkdə həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarının problemləri üçün həmin platformadan istifadə etməliyik. Bu gün Türkiyədə 170 minə yaxın vəkil fəaliyyət göstərir. Bu, çox böyük potensiala malik qüvvədir. Biz Azərbaycan vəkilləri olaraq ölkəmizin haqlı mövqeyini beynəlxalq səviyyədə daha yaxşı müdafiə etməkdən ötrü Türkiyə vəkillərinin imkanlarından geniş istifadə etməliyik".

O, həmçinin ümumilikdə türk dövlətləri ilə hüquq sahəsində əməkdaşlığın vacibliyinə də toxunub: "Müşahidələrimə görə, türk dövlərləri arasında bütün sahələrdə əməkdaşlıq var. Hüquq sahəsində əməkdaşlıq isə o qədər də geniş deyil. Hesab edirəm ki, türk dövlətləri arasında bu sahədə mütləq ortaq platforma olmalıdır. Arzuolunandır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquq sahəsində əməkdaşlıq güclənsin".

2023-cü ilin Azərbaycanda "Heydər Əliyev ili" elan olunduğunu xatırladan sədr bu münasibətlə xüsusi konfrans təşkil etmək niyyətində olduqlarını bildirib.

"İstərdik ki, Heydər Əliyevin Azərbaycanda müstəqil vəkilliyin yaranmasında rolu ilə bağlı konfrans təşkil edək və Türkiyə Cümhuriyyəti başda olmaqla, bütün türk dövlətlərindən olan vəkil həmkarlarımız bu konfransda iştirak etsinlər", - deyə o qeyd edib.

Lalə Salmanova

Oxşar xəbərlər