Vəkil peşə fəaliyyətini həyata keçirərkən yalan danışa bilərmi?


  • 6 Aprel 2023 17:43

“Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 2.2-ci bəndinə əsasən, “vəkil öz peşə borcunu yerinə yetirərkən ... yalan danışmamalıdır”.

Diqqət ayırsanız Əsasnamənin 2.2-ci bəndində “peşə borcunu yerinə yetirərkən” ifadəsi işlənmişdi, “peşə fəaliyyətini həyata keçirmə” isə bir qədər geniş anlayışdı, yəni burada həm peşə borcu (vəzifə), həm də peşə imkanı (hüquq) nəzərdə tutulur.

Yalan danışmamaq vəkil üçün vicdanlı davranış hesab olunur, Əsasnaməyə görə!

Bu, tam aydındır, vəkil peşə fəaliyyətini həyata keçirərkən (Əsasnamənin 2.2-ci bəndində “peşə borcunu yerinə yetirərkən” ifadəsi işlənilsə belə) yalan danışmamalıdır!

İndi vəkilin digər vəkili yalan danışmaqda ittiham etməsi məsələsinə toxunaq.

Əgər vəkil (birinci vəkil) digər vəkili (ikinci vəkil) peşə fəaliyyətini həyata keçirərkən yalan danışmaqda ittiham edirsə, bu o deməkdir ki, vəkil (ikinci vəkil) Əsasnamənin 2.2-ci bəndinin tələbini pozmaqda günahlandırılır. Belə olan halda mütləq əsas olmalıdır, yəni vəkili (ikinci vəkili) yalan danışmaqda “ittiham etmək” üçün yetərli əsasın olmaması həmin ifadənin (“yalan danışır”, “yalan məlumat verir” və s.) işlədilməsi artıq vəkilin (birinci vəkilin) yalan danışması anlamına gəlir.

Bu yalan danışma isə öz növbəsində Əsasnamənin 2.2-ci bəndinin təsiri altına düşürmü?

Nəzərə alsaq ki, “yalan danışmama” vəkil üçün vicdanlı davranış hesab olunur, o zaman başqasını əsassız olaraq yalan danışmaqda ittiham etmə vicdanlı davranış hesab oluna bilməz. Bu hal isə özlüyündə Əsasnamənin 2.2-ci maddəsinin təsiri altına düşür!

Beləliklə, vəkil peşə fəaliyyətini həyata keçirən vəkil barəsində əsassız olaraq "yalan danışır", "yalan məlumat verir", "yalançıdır" və bu kimi ifadələr işlətməsi Əsasnaməyə ziddir!

Vəkilin əsassız olaraq digər vəkil barəsində “yalan danışır”, “yalan məlumatlar verir” ifadələrinin işlətməsi halında əməlin intizam pozuntusu kimi qiymətləndirilməsinə dair Türkiyə Bürolar Birliyi İntizam Komissiyasının bir neçə qərarı mövcuddur (Komissiyanın 02.02.2007 gün və 2006/459 əsas, 2007/57 qərar saylı qərarı, 25.10.2013 gün və 2013/423 əsas, 2013/793 qərar saylı qərarı və s.).

Paşa Səfərov

Vəkillərin İntizam Komissiyasının üzvü

Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri

Oxşar xəbərlər