Bütün hökmlər bir-birinə bənzəyir, hər bir bəraət hökmü isə özünəməxsus gözəldir...


  • 15 Aprel 2023 11:42

Astronavt Nil Armstrong Ayda ilk addımı atanda demişdi ki, bu mənim üçün kiçik addım, bəşəriyyət üçün isə böyük sıçrayışdır..

Cənablar, vəsatət Sizin üçün kiçik xahiş olsa da, ədalət mühakiməsinin əsl mahiyyətinə çatması üçün böyük sıçrayış ola bilər. O sıçrayış bir adamı, adam ailəni, ailə nəsli, nəsil isə bir xalqı ümidsilikdən xilas edər...

Bəlkə də vəsatət sözü bir az fərqli səslənir.. modern, təntənəli, qorxulu və vahiməli... buna xahiş desək və elə də başa düşsək daha doğru olar.. xahiş isə nəzakətlilik, nəciblik, alicənablılıqdı..

Vəsatət borc istəmək kimidi. İstəyən də utanır, borc verməyən də.. vəsatət verən istintaqda araşdırma düzgün aparılamyıb deyə utanır, ədalət, insanlıq adına utanır, insan həyatına laqeydlikdən, biganəlikdən utanır, məsələnin bu həddə çatmağına görə təəssüf edir.. Bilirik, təmin etməyən isə ona görə utanır ki, nöqsan üzə çıxacaq, mif dağılacaq, münasibətlər pozulacaq və s.

Cənablar, hər vəsatət bir ümiddir.. azadlığa çıxmağa, üstündəki ləkəni silməyə, cəzasının azaldılmasına və ya götürülməsinə yönələn ümid. Ümid sonda ölməli olsa da, yolun yarısında öldürürsüz onu.. vəsatət həm də tələbdir... haqq və ədalət tələbi.

Vəsatət həm də hüquqdur... prosessual qanunvericilikdə təsbit olunan hüquq. Vəsatətə baxmaq isə vəzifədir.

Yazılı vəsatət təhlildir, məntiqdir, əziyyətdir, saatlarnan tökülən göz nurudur, ailədən, dostlardan, istirahətdən oğurlanmış zamandır.. O adi kağız parçası deyil. O, məmurun əmək haqqının formalaşması üçün vergi ödəyən Azərbaycan Respublikası vətəndaşının adından olan müraciətdir...

Lev Tolstoy məşhur Anna Karenina əsərini bu cümlə ilə başlayır... "bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailənin isə bədbəxtliyi özünə görədir”.

Bu əsər ədalət mühakiməsi ilə bağlı olasaydı, yəqin ki dahi yazıçı belə yazardı: - bütün hökmlər bir-birinə bənzəyir, hər bir bəraət hökmü isə özünəməxsus gözəldir. Belə olanda Siz də gözəlsiniz, Cənablar...

Seymur Səfərov

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər