- 14 İyun 09:58
"Ali Məhkəmə tərəfindən vəkillərin üzləşdiyi problemlərin araşdırılması və həlli istiqamətində atılan addım təqdirəlayiqdir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ali Məhkəmədə "Femida Dialoq Platforması" çərçivəsində Vəkillər Kollegiyası ilə görüş zamanı deyib.
O, görüşün təşkilinə görə Ali Məhkəmənin rəhbərliyinə minnətdarlığını bildirib, eyni zamanda “Femida Dialoq Platforması” adlı yeni layihəni yüksək qiymətləndirərək, ilk görüşün vəkillərlə keçirilməsindən məmnunluğunu ifadə edib.
Sədr əlavə edib ki, Ali Məhkəmə ilə Vəkillər Kollegiyası arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərinin bu gündən etibarən daha da güclənməsi, habelə, bu müzakirələrin ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə-hüquq sisteminin inkişafı və məhkəmələrdə proses iştirakçıları arasında qeyri-prosessual münasibətlərin aradan qaldırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
“Vəkillərin aparılan məhkəmə-hüquq islahatlarında rolu və tədbirin formatını nəzərə alaraq, biz əvvəlcədən bütün vəkillərə müraciət etmişik və görüşdə iştirak etməyən vəkillərin təklifləri də ümumiləşdirilmiş formada Ali Məhkəməyə təqdim olunacaq. Məhkəmələrdə problemlərdən, qanunvericilikdəki boşluqlardan vəkillər daha çox məlumatlıdırlar. Çünki onlar gün ərzində bir neçə dəfə məhkəmə prosesində olur, ədalət mühakiməsinin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər. Bu baxımdan, hesab edirəm ki, bugünkü görüşümüz, müzakirələr çox faydalı olacaq”, - deyə A.Bağırov bildirib.
Xəyalə Bünyatova