"Peşəkar hüquqşünasların məhkəmə-hüquq sistemindəki problemləri sosial şəbəkələrdə müzakirə etməsi yaxşı hal deyil"


  • 28 Aprel 2023 13:28

"Sosial şəbəkələr peşəkar mövzuların müzakirəsi üçün məhdud məkandır. Peşəkar mövzuların qeyri-peşəkar ortamlarda müzakirəsi mövzunun arzuolunmaz istiqamətə yönlənməsinə gətirib çıxara və bununla da qarşıya qoyulmuş məqsədə - müzakirə yolu ilə problemin həllinə nail olmağa mane ola bilər. Məsələn, məhkəmə-hüquq sistemində mövcud olan problemlərin sosial şəbəkələrdə müzakirəsi yekunda təhqirə, atmacalara, əsaslı-əsassız ittihamlara gətirib çıxaracaq. Bu baxımdan peşəkar hüquqşünasların bu mövzunu sosial şəbəkələrdə müzakirə etməsi yaxşı hal deyil. Əlbəttə, bunu qadağan etmək də olmaz, çünki, bu ifadə azadlığına əsassız müdaxilə olardı".

E-huquq.az xəbər verir ki, bunu Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı deyib.

O bildirib ki, sosial şəbəkələrdə məhkəmələrin müzakirə predmeti olmaması üçün məhkəmə prosesinin peşəkar iştirakçılarının problemi danışıqlar, müzakirələr, dialoq yolu ilə çözmələri mühüm əhəmiyyət kəsb edir.

"Bu baxımdan Ali Məhkəmənin yeni təyin olunmuş sədri cənab İnam Kərimovun başlatdığı Femida Dialoq Platformasını təqdir edirəm. Düşünürəm ki, bu, örnək olmalıdır. İnam Kərimovun ilk görüşü vəkillərlə keçirməsi, 4 saatdan artıq davam edən gərgin müzakirələrdə şəxsən iştirakı, problemləri dinləməsi, öyrənməsi böyük ümidlər vəd edir. Bu təcrübə apellyasiya instansiyası məhkəmələrinin sədrləri üçün yol xəritəsi olmalıdır. Onlar da müvafiq regionda analoji dialoqa başlamalı, vəkilləri dinləməli, problemləri öyrənməli, müzakirə etməli və aradan qaldırmaq istiqamətində iş aparmalıdırlar", - deyə vəkil qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər