- 14 İyun 09:58
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov martın 28-də terror hücumuna məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanı ziyarət edib.
E-huquq.az xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.
F.Mustafanın sözlərinə görə, A.Bağırov onu vəkillik institutuna verdiyi dəstəyə görə "Azərbaycan vəkilliyinin 100 illiyi (1919-2010)" yubiley döş nişanı ilə təltif edib.
"Bu gün Azərbaycan Vəkillər Kollegiyasının sədri hörmətli Anar Bağırov dəyərli həmkarları Muxtar Mustafayev və Pərviz Ələkbərovla birgə məni ziyarət etdilər. Kitabxanama Aşıq Ələsgərin üç cildliyini bağışladılar. Vəkil institutuna hər zaman verdiyim dəstəyi yüksək qiymətləndirdiklərini bildirib şəxsimi yubiley medalı ilə təltif etdilər. Vəkillər Kollegiyasının dəyərli təmsilçilərinə öz dərin minnətdarlığımı bildirdim", - deyə deputat qeyd edib.



Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Şəbnəm Mehdizadə