- 14 İyun 09:58
"Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda keçirilən konfransda deyib.
"Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmışdı. Bununla da vəkilliyə konstitusion status verilmişdi. Həmçinin Heydər Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” təsdiq edilmişdi. Həmin dövrdə Konstitusion status daşıyan Vəkillər Kollegiyası məhz bu Əsasnamə əsasında fəaliyyət göstərirdi. Və beləliklə Azərbaycan Vəkilliyinin institutsionallaşmasına start verilmişdi. Bütün bu fəaliyyətin məntiqi davamı olaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmış və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrilmişdir. Peşə müstəqilliyinin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Azərbaycan Respublikasının Yeni Vəkillər Kollegiyası təsis edildi. Qeyd olunmalıdır ki, Azərbaycan post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir. Bu da məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində baş vermişdir", - deyə o bildirib.