Sədr: "Vəkillik sahəsində əldə olunan müsbət nəticələr dövlətimizin bu sahəyə diqqət və qayğısının təzahürüdür"


  • 4 May 2023 12:24

"Əsası Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə qoyulan məhkəmə-hüquq islahatları cənab Prezident tərəfindən uğurla davam etdirilir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu islahatların bir hissəsi olan məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsində beynəlxalq səviyyədə ən mütərəqqi və nümunəvi örnək olan ölkəmizin yeni hakim korpusunun formalaşmasında Vəkillər Kollegiyası da iştirak edir. Belə ki, Azərbaycan vəkilliyi Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsində təmsil olunur.

"Aparılan məhkəmə-hüquq islahatlarının davamı olan və vəkilliyin yeni inkişaf mərhələsinə təkan verən 22 fevral 2018-ci il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının vacibliyi xüsusilə qeyd olunmalıdır. Belə ki, Sərəncamın preambulasında güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətinin olması vurğulanıb. Sərəncamın icrası məqsədilə vəkilliyə qəbul mütəmadi həyata keçirilir. Bunun nəticəsində vəkillərin sayı 3 dəfə artaraq 2323-ə çatıb, ödənişsiz hüquqi yardım aksiyalarında 30 mindən çox şəxsə pulsuz hüquqi yardım göstərilib. Həmçinin ölkə üzrə vəkil bürolarının sayı 3 dəfədən çox artaraq 130-u ötüb", - sədr qeyd edib.

A.Bağırov deyib ki, Cənab Prezidentin vəkilliyə diqqətinin daha bir təzahürü də 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə “Vəkil günü” peşə bayramının təsis olunmasıdır: "Sərəncama əsasən hər il müstəqil vəkilliyin əsasını təşkil edən və Ulu Öndər tərəfindən qəbul edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun imzalandığı gün – 28 dekabr Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Azərbaycan dünyada “Vəkil günü”nü peşə bayramı kimi qeyd edən çox az dövlətlərdən biridir. Əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyev tərəfindən "Vəkillər və vəkillik fəaliyyət haqqında” qanunun imzalandığı tarix - 28 dekabr 1999-cu il vəkilliyimizin tarixinə qızıl hərflərlə həkk olunub".

Vəkillər Kollegiyasının sədri vurğulayıb ki, Azərbaycan vəkilliyində əldə olunmuş müsbət nəticələr, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil vəkilliyin inkişafı xalqımızın layiqli lideri Prezident İlham Əliyevin, eyni zamanda 1-ci vitse prezident Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsidir. "Bu baxımdan, aparılan islahatlar, şübhəsiz, tək bu gün üçün deyil, həm də gələcəyə hesablanmış addım kimi dəyərləndirilir".

"Qeyd etmək istərdim ki, ölkə rəhbərliyi ilə yanaşı dövlət qurumları da vəkillərə, Kollegiyaya xüsusi diqqət göstərir. Bu qurumlar arasında ilk sırada hazırki möhtəşəm tədbirin təşkilatçısı olan Ədliyyə Nazirliyinin adı xüsusilə vurğulanmalıdır. Belə ki, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq nəticəsində bölgələrdə və cəzaçəkmə müəssisələrində ödənişsiz hüquqi yardım layihələrinin keçirilməsi, Ədliyyə Akademiyası ilə birgə vəkilliyə namizədlərin icbari təlimlərin, habelə vəkillərin peşə hazırlığı üzrə davamlı tədrisin təşkili, elektron məhkəmə sisteminin inkişafı istiqaməti üzrə qarşılıqlı fəaliyyət, yeni yaradılan vəkil qurumlarının qısa zamanda və şəffaf qaydada dövlət qeydiyyatına alınması və digər bir çox tədbirlər həyata keçirilir. Qurumlarımız arasında formalaşan sağlam əməkdaşlıq, qarşılıqlı hörmət və etimad münasibətlərini çox yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək göstərilən bu münasibətə görə başda hörmətli cənab nazir olmaqla Ədliyyə Nazirliyinin rəhbərliyinə və kollektivinə ölkəmizin Vəkil Korpusu adından minnətdarlığımı bildirirəm. Ədliyyə orqanlarıyla əməkdaşlıq çərçivəsində “Heydər Əliyev İli”nə həsr olunan Ulu Öndərin doğulub boya-başa çatdığı Naxçıvan şəhərində, ilk dəfə olaraq, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığıyla “Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib. Həmçinin Respublikamızın bütün ərazisində vəkillərimiz tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyaları keçirilir. Eyni zamanda il ərzində yerli və beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulub", - A.Bağırov əlavə edib.

Oxşar xəbərlər