Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi - FOTO


  • 6 May 2023 11:18

Mayın 5-də "De Fendo" Vəkil Bürosunda Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Kollegiya tərəfindən “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlər görülən işlər və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.

E-huquq.az xəbər verir ki, sonra Vəkillər Kollegiyasının üzvü Aslan İsmayilovun müəllifi olduğu 5 dildə (türk, rus, alman, ingilis və fransız dillərində) tərcümə olunaraq dərc olunan "Sumqayıt, SSR-nin süqutunun başlanğıcı" adlı kitabın təqdimatı keçirilib. Təqdimatda A.İsmayılov çıxış edərək Sumqayıt hadisələri, prokuror qismində çıxış etdiyi proses, həmin prosesdə gördükləri və s. barədə məlumat verib.

İclasda sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 3 vəkilliyə namizədin andiçmə mərasimi keçirilmişdir.

Daha sonra, elektron vəkil orderi ilə bağlı məsələyə baxılmış və yaxın zamanda başlanğıc olaraq Bakı şəhərində 3 büro, Sumqayıtda isə 1 büroda elektron orderdən pilot layihə kimi istifadə olunması qərara alınıb.

Eyni zamanda, iclasda ELSA Azərbaycan tərəfindən türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illiyinə həsr olunan XII Milli Məhkəmə Müsabiqəsinə maddi yardımla bağlı müraciətlərinə baxılmış və maddi dəstək göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Həmçinin, iclasda, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma, 1 yeni vəkil bürosunun təsisi və sairə məsələlərə baxılmış, müsbət qərarlar verilib.

Bundan başqa, iclas çərçivəsində vəkillər barəsində başlanılmış intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozaraq dövlət hesabına hüquqi yardım zamanı formal vəkilliklə məşğul olduğuna və keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə 1 vəkilin fəaliyyəti dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə, eyni zamanda 1 vəkil barəsində isə keyfiyyətsiz hüquqi yardım göstərdiyinə görə vəkillik fəaliyyətinin 3 aylıq dayandırılması barədə qərər qəbul olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər