Sədr: "Son illər vəkillərin peşə hazırlığı ilə bağlı bir sıra əməli tədbirlər görülüb"


  • 12 May 2023 10:37

"Cənab Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə son illər ərzində vəkillərin peşə hazırlığı ilə bağlı bir sıra əməli tədbirlər görülüb".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, vəkillər üçün arbitraj və mübahisələrin digər alternativ həlli üsulları sahəsində müxtəlif təlim və seminarlar təşkil olunub.

"Vəkillərin peşəyə buraxılış üzrə ilkin icbari təlim və vəkillərin davamlı tədrisi mərhələsində arbitraj, mübahisələrin məhkəmədənkənar alternativ həlli ilə bağlı mövzular tədris olunmağa başlanıb, arbitrların hazırlanması prosesinə də start verilib. Belə ki, Vəkillər Kollegiyasının bir sıra üzvləri Avropa İttifaqı və Ədliyyə Nazirliyinin birlikdə həyata keçirdiyi "Mübahisələrin Alternativ Həlli və İxtisaslaşdırılmış məhkəmələrin inkişafına əlavə dəstək" Layihəsi çərçivəsində keçirilmiş arbitrların ilkin təlimini uğurla bitiriblər. Bu sahədə işlərin daha sistemli şəkildə davam etdiriləcəyinə də ümid edirəm", - sədr bildiirb.

A.Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə vəkillər Toğrul Quluzadə və Şahlar Məmmədov tərəfindən “1958-ci il Nyu-York Konvensiyasının şərhinə dair Beynəlxalq Kommersiya Arbitraj Şurasının təlimatı” Azərbaycan dilinə tərcümə edilib: "Arbitrajla bağlı Azərbaycan dilində keyfiyyətli hüquqi ədəbiyyatın sayının daha da çoxalacağına, bu sahədə də sistemli layihələrin həyata keçiriləcəyinə ümid edirəm".

Sədr 2022-ci ildə Kollegiyanın nəzdində biznes hüququ sahəsində ixtisaslaşan, təcrübəli vəkilləri bir arada birləşdirən Biznes Hüququ Komitəsinin yaradıldığını xatırladıb: "Komitənin tərkibində, xüsusilə də mübahisələrinin həlli işçi qrupunda ölkənin biznes mübahisələrinin həlli, o cümlədən arbitraj sahəsində ixtisaslaşmış vəkillər yer almaqdadır. Gələcəkdə Vəkillər Kollegiyası, o cümlədən Biznes Hüququ Komitəsi vasitəsilə vəkillərin və ümumiyyətlə hüquqşünasların həm arbitr, həm də arbitraj vəkili bacarıqlarının artırılması istuqamətində əməli tədbirlər həyata keçirməyi planlaşdırır. Yeri gəlmişkən, Biznes Hüququ Komitəsi tərəfindən müxtəlif qanun layihələrinə dair rəylər, habelə biznesə, investisiya mühitinə aid məhkəmə işləri üzrə "amicus curae" və mütəxəssis rəyləri verilməkdədir. Bu sırada “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinə rəy verilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən daxil olmuş müraciətə cavab olaraq Komitənin tərtib etdiyi rəyi xüsusilə vurğulamaq istərdim".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər