"Vəkilin prosesdə dövlət hesabına iştirakı ilə bağlı layihə aztəminatlı şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin edəcək"


  • 12 May 2023 13:35

"Ümumilli liderin rəhbərliyi altında Konstitusiya qəbul edilərkən, 61-ci maddədə Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz və dövlət hesabına göstərilməsi imkanı təsbit olunub. Azərbaycan dövləti bu konstitusion normaya ədalət mühakiməsinin səmərəli fəaliyyəti və məhkəmə hüquq islahatlarının dərinləşməsinin vacib istiqaməti kimi yanaşır. Bilirsiniz ki, hazırkı qanunvericiliyə görə, inzibati qaydada tutulanların, habelə, cinayət prosesi üzrə şübhəli və təqsirləndirilən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda onlara hüquqi yardım dövlət hesabına həyata keçirilir. Mülki prosesdə isə hüquqi yardımın dövlət hesabına təmin edilməsi isə yalnız vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda – yəni Kassasiya və əlavə kassasiya şikayətləri üzrə, həmçinin, məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması zamanı şəxsin yazılı müraciəti əsasında mümkündür".

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklə bağlı danışarkən deyib.

O bildirib ki, təqdim edilən layihə digər hallarda da dövlət hesabına peşəkar hüquqi yardımın göstərilməsini ehtiva edir.

"Daha dəqiq desək, işsiz kimi qeydiyyatda olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, maddi vəziyyəti və orta aylıq gəliri yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olan şəxslər, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar və 67-1 maddəsində əks olunan digər şəxslər dövlət hesabına peşəkar hüquqi yardım ala biləcəklər. Bu prosesi isə qanunla konkret formada müəyyən edilmiş məhkəmələr həyata keçirəcək", - deputat qeyd edib.

Məsələnin texniki tərəfinə gəlincə isə B.Məhərrəmov əminliklə bildirib ki, mövcud potensialla bu işin öhdəsindən gəlmək mümkündür: "Xüsusən nəzərə almalıyıq ki, Vəkillər Kollegiyasında son illər həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində, bu gün Azərbaycan vəkilliyi öz tarixinin ən güclü dönəmini yaşayır və bu proses yüksələn xətt üzrə davam etməkdədir. Əlbəttə, biz Kollegiyanın rəhbərliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndiririk, lakin, bu uğurların nüvəsində ilk növbədə dövlət başçısının iradəsi dayanır. Möhtərəm cənab Prezidentin mövqeyi ondan ibarətdir ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, hüquq və azadlıqların etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Məhz bu məqsədlərə nail olunması üçün məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafına dəstək vermək məqsədilə çoxsaylı təbirlər həyata keçirilib. Müzakirəmizdəki layihə aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan insanların hüquq və azadlıqlarının daha səmərəli təminatına yönələn sosial ağırlıqlı akt olsa da, eyni zamanda vəkillik təsisatının nüfuzuna bilavasitə təsir edən ciddi hüquq hadisəsidir və əziz həmkarlar hər birinizi möhtərəm Prezidentin bu nəcib təşəbbüsünə dəstək verməyə çağırıram".

Oxşar xəbərlər