- 14 İyun 09:58
"Qanunvericiliyin tələbinə əsasən, şəxslər boşanma üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməlidirlər. Qanunvericilikdə bu halla bağlı istisna nəzərdə tutulmayıb. Təəssüf ki, məişət zorakılığının qurbanları da məcburi mediasiya prosesində iştirak etməlidirlər. Eyni zamanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda Məişət zorakılığı qurbanlarının hüquqi yardım alması təsbit olunub. Amma bunun tətbiqi mexanizmi qanunvericilikdə öz əksini tapmayıb".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.
O, xatırladıb ki, 13 dekabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Bu Memorandum çərçivəsində Kollegiya tərəfindən qurbanlara ödənişsiz hüquqi yardım göstərilir.
"Qeyd etmək istərdim ki, hazırda Milli Məclisdə 2-ci oxunuşda olan Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsində məişət zorakılığı qurbanlarına ödənişsiz hüquqi yardım göstərilməsinin tətbiqi mexanizmi öz əksini tapıb. Eyni zamanda layihədə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsait olmayan şəxslər də dövlət hesabına birinci və apellyasiya instansiyalarında vəkillə təmin olunması nəzərdə tutulur. Bununla da aztəminatlı şəxslər bütün instansiya məhkəmələrində vəkillər təmin olunacaq, keyfiyyətli hüquqi yardım almaq hüquqları tam şəkildə təmin olunacaq", - deyə sədr bildirib.
Şəbnəm Mehdizadə