"Azərbaycanda Aliment fondunun yaradılmasına ehtiyac var"


  • 19 May 10:37

"Ailə qanunvericiliyinin tətbiqi ilə bağlı problemli məsələlərdən biri də alimentlə bağlıdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.

Sədrin sözlərinə görə, mövcud vəziyyət bunu göstərir ki, məhkəmələr tərəfindən alimentin ödənilməsi ilə bağlı qəbul edilən qərarların icrasında problemlər mövcuddur: "Bir çox hallarda aliment ödəməli olan şəxslər bu və ya digər qaydada alimenti ödəməkdən boyun qaçırırlar".

A.Bağırov bildirib ki, bu problemin həlli istiqamətində Azərbaycanda aliment fondları yaradıla bilər.

"Bu məsələ bir necə dəfə qaldırılmışdı. Belə ki, aliment fondları artıq bəzi ölkələrin təcrübəsində mövcuddur. Məsələn, Norveçdə, Polşada, Latviyada, Fransada oxşar fondlar mövcuddur. Bu fondların işləmə mexanizmi hər ölkədə fərqlidir. Bu fondların maliyyə mənbəyi dövlət büdcəsi tərəfindən ayrılan pul vəsaiti, eyni zamanda qrantlardan formalaşa bilər. Fondlar aliment ala bilməyən müəyyən kateqoriya şəxslərə ilkin minimal saxlanılma xərclərini ödəyə, daha sonra bu pulu borcludan ala bilər", - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər