Vəkillər Kollegiyasının sədri: "Ailə məhkəmələrinin yaradılması zəruridir"


  • 19 May 2023 10:32

"Keçən illə müqayisədə ölkəmizdə boşanmaların sayı nisbətən azalmağına baxmayaraq, mövcud say kifayət qədər yüksəkdir. Məhkəmələrdə olan mülki işlərə diqqət etdikdə "nikahın pozulması, aliment tələbi" üzrə iddiaların digər mülki işlərə nisbətən üstünlük təşkil etdiyini görə bilərik".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.

O bildirib ki, Ailə Məcəlləsinə əsasən, nikah, nikah yaşına çatmış kişi ilə qadının könüllü ittifaqıdır. Lakin qeyd edilən prinsipə zidd olaraq və dövlətimizin erkən nikahla mübarizə sahəsində apardığı siyasətə baxmayaraq, ölkəmizdə hələ də, yetkinlik yaşına çatmayanların evliliyinə rast gəlinir.

"Bu hal cəmiyyət tərəfindən ciddi qınağa səbəb olsa da, təəssüf ki, davam etməkdədir. Erkən nikahlar sağlamlığın qorunması, təhsil, əmək və şəxsi toxunulmazlıq hüquqları kimi insan hüquqlarının pozulmasına səbəb olur. Beynəlxalq hüquq cəmiyyəsində, erkən nikahın hətta, köləliyin bir forması kimi tanınması tələb olunur. Qeyd edilən problemin effektiv şəkildə qarşısının alınması üçün vətəndaşların müəyyən təbəqəsinin hüquqi düşüncəsi dəyişməli və bunun üçün hüquqi maarifləndirmə işləri gücləndirilməlidir.

Eyni zamanda ailə qanunvericiliyinə əsasən, nikahın gələcəkdə tərəflərdən birinin sadəcə istəyi ilə, maneəsiz şəkildə (buna ciddi əsaslar olmadan) məhkəmə qaydasında pozulmasına imkan verir. Yəni nikahda olan tərəfin biri, istənilən formal əsas və səbəb göstərməklə (münaibətlərin pozulması, xasiyyətlərin uyğun gəlməməsi və sair.), digər tərəfin istəyi olmadan, nikaha məhkəmə qaydasında xitam verilməsinə nail ola bilər. Bu səbəbləri göstərməsə də belə, şəxsin sadəcə nikahın pozulması ilə bağlı iradə ifadəsi buna kifayətdir. Belə olan hallarda, məhkəmə, 3 aylıq müddət gözləməklə nikaha xitam verə bilər. Lakin ailə mübahisələrinin spesifikliyini və mürəkkəbliyini nəzərə alaraq, Bahar xanımın da qeyd etdiyi kimi, ailə sahəsində ixtisaslaşan hakimlərin və ya Ailə Məhkəmələrinin yaradılması zəruridir. Xarici ölkələrin təcrübələrinə diqqət etdikdə görə bilərik ki, bir sıra inkişaf etmiş ölkələrdə o cümlədən qardaş Türkiyə Respublikasında Ailə Məhkəmələri mövcuddur. Eyni zamanda Rusiya Federasiyasının Ali Məhkəməsində Mülki Kollegiyanın tərkibində ailə işlərinə baxan xüsusi tərkib formalaşdırılmışdır. Düşünürəm ki, bu praktika bizdə də tətbiq edilsə, ailə problemlərinin və boşanmaların səbəbini dərindən öyrənilməsinə zəmin yaradacaq və nəticə etibarı ilə boşanmaların sayının azalmasına müsbət təsir göstərəcək", - deyə A.Bağırov bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər